CƏMİYYƏT


Musa Quliyev: DOST mərkəzlərinin fəaliyyəti onun uğurlu layihə olduğunu sübut edir

Bakı, 21 may, Süleyman Qaradağlı, Əziz Məmmədov, AZƏRTAC

Prezident İlham Əliyev innovativ texnologiyaların tətbiq edilməsini ölkəmizin islahat proqramında prioritet məsələlərdən biri hesab edir. Xidmətin bu cür təşkili bürokratik maneələri aradan qaldırır, vətəndaşların rahatlığına və məmnunluğuna səbəb olur. Buna misal olaraq ASAN xidmətin yaranmasını göstərmək olar və kommunal layihələr bir mərkəzdən idarə olunmaqla öz həllini tapır. Sosial xidmət sahəsində isə innovativliyin yaranması məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi vasitəsilə həyata keçirilir. DOST mərkəzlərinin yaradılması bu sahədə əhaliyə göstərilən sosial xidmətin operativliyini, etibarlılığını təmin etmək, vətəndaşlarla dövlət qurumları arasında ünsiyyət və təmasların minimuma endirilməsi məqsədi daşıyır. Bir il əvvəl fəaliyyətə başlayan DOST mərkəzləri bu vəzifənin öhdəsindən uğurla gəlir və ona bəslənilən ümidləri doğruldur. Burada əhaliyə göstərilən xidmətlərdən məmnunluq dərəcəsinin də 96 faiz olması bu layihənin uğurunun göstəricisidir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Bakının Nizami rayonunda istifadəyə verilən 3 saylı DOST mərkəzinin açılışı ilə əlaqədar AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.

Komitə sədri deyib: “Nizami rayonunda yeni istifadəyə verilən mərkəz artıq ölkəmizdə üçüncüdür və paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaşa xidmət edəcək.

Yeni açılan DOST mərkəzlərində “bir pəncərə” prinsipli ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. 2006-cı ildə ünvanlı sosial yardım almaq üçün vətəndaş müxtəlif ünvanlardan 16 sənəd toplayıb təqdim etməli idi. Bu gün vətəndaş yalnız bir sənəd - ailə tərkibi haqqında arayışla yazdığı ərizəni əlavə etməklə bu yükdən qurtulmuş olur. Qalan digər məlumatları mərkəz elektron hökumət vasitəsilə əldə edəcək. Bu, o deməkdir ki, innovativ texnologiyaların tətbiqi həyatımızı yaxşılaşdırır, sosial müdafiəni gücləndirir, vətəndaş və dövlət arasındakı münasibətləri daha da möhkəmləndirir. Bu cür layihələrin həyata vəsiqə alması bir daha sübut edir ki, həmin layihələrin hamısının arxasında əhalinin sosial rifahını yüksəltmək, ona göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılması və vətəndaş məmnunluğuna nail olmaq dayanır. Bu cür xidmətlər vasitəsilə vətəndaşlar pandemiya dövründə evdə oturaraq bir sıra sosial və kommunal xidmətlərlə təmin olundu. Həm də yeni texnologiyaların tətbiqi ölkəmizdə həyata keçirilən müasir yeniliklərin üstünlüklərini, həyata keçirilən siyasətin doğruluğunu sübut etdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.