REGİONLAR
Müsabiqədən uğurla keçən 100-ə yaxın müəllim Quba məktəblərində fəaliyyətə başlayıb
Rayonda daha çox kimya, biologiya, riyaziyyat və fizika müəllimlərinə ehtiyac var
Quba, 12 sentyabr, Elxan Yusifli, AZƏRTAC
2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçən 100-ə yaxın müəllim Quba rayonunun məktəblərinə təyinat alıb. Otuza yaxın müəllim isə yerdəyişmə əsasında rayonun təhsil ocaqlarında çalışacaq. Müddətli müqavilə ilə işə götürülən pedaqoqların sayı isə 30 nəfərdir.
Quba Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni dərs ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə 200-ə yaxın vakant yer təqdim edilib. Müsabiqənin ilkin mərhələsində rayon üzrə pedaqoqlara olan tələbatın 80 faizi ödənib. Rayonda daha çox kimya, biologiya, riyaziyyat və fizika müəllimlərinə ehtiyac var. Çatışmazlığın tam təmin olunmamasının əsas səbəbi isə rayon ərazisinin əsasən dağlıq olması, kəndlərin mərkəzdən uzaqda yerləşməsidir.
Rayon məktəblərində fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda Quba rayonunun təhsil ocaqlarında 3 mindən artıq pedaqoq şagirdlərə elmin sirlərini öyrədir.