ELM VƏ TƏHSİL
Müsabiqənin imtahan mərhələsinin vaxtı və yeri müəyyənləşdirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin ikinci (test imtahanı) mərhələsinin keçirilmə vaxtı və yeri dəqiqləşib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, imtahan noyabrın 3-4-də Bakı şəhəri 220 nömrəli məktəb-liseyin inzibati binasında keçiriləcək.
Direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsinə işə qəbul üzrə imtahan noyabrın 3-də saat 13.00, 14.30, 16:00, 17:30-da təşkil ediləcək.
Psixoloq vəzifəsinə işə qəbul olunmaq istəyənlər noyabrın 4-də saat 09:30, 11:00-da imtahan verəcəklər.
Direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə imtahan noyabrın 4-də saat 12:30, 14:00-da olacaq.
Kitabxanaçı vəzifəsinə işə qəbul üzrə imtahan isə noyabrın 4-də saat 15:30-da keçiriləcək.
Birinci mərhələnin (elektron ərizələrdə qeyd olunan məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda, imtahan mərhələsinə buraxılan iştirakçıların imtahan vaxtı barədə məlumatlar artıq qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.
İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan müəyyənləşdirilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.
İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini özü ilə gətirməlidir. Əks halda namizədlərin imtahanda iştirakı mümkün olmayacaq.
İmtahanda iştirak etmək üçün iştirakçının öz iş nömrəsini bilməsi zəruridir.
Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.
Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkarlanarsa, namizədlərin nəticələri ləğv olunacaq.