SİYASƏT


Müsəlman Şərqinin multikultural ölkəsi – demokratik Azərbaycan

Bakı, 28 may, AZƏRTAC

Bu günlərdə Azərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini - müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümünü qeyd edir.

Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdəndir. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları tərəfindən yaradılan AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini qrupların parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözü gedən yüksək təmsilçilik şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi idi. AXC hökuməti 23 ay ərzində bir sıra qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib. Yeni qurulmuş Cümhuriyyətin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilin arzuolunan səviyyəyə çatdırılması idi. Bu istiqamətdə ilk addım isə 1919-cu ildə Bakı Dövlət Universitetinin və bir çox digər təhsil müəssisələrinin yaradılması oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O bildirib ki, mayın 28-i yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə və regionda əhəmiyyətli bir tarix olmalıdır. AXC-nin inkişaf yolunda özünə bələdçi etdiyi dəyərlər, bu gün də dünyanın çatmaq istədiyi qlobal hədəflərin əlamətləridir. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan AXC cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu. Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. XX əsrin sonlarında Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən müstəqillik qazandı və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə və xalqına bağlı olan dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının müasir tarixində əbədi oldu.

“Bir daha qeyd etmək lazımdır ki, Ümummilli Liderin adı müasir Azərbaycanın qurucusu kimi xalqımızın milli şüuruna həkk olunub. Ulu öndər Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli özünüdərkin formalaşmasının təməlini qoydu və bu bir daha təsdiqlədi ki, insanlar və güc birliyi sarsılmazdır, əbədidir və möhkəm təmələ söykənir.

Prezident İlham Əliyev 2003-cü ildən etibarən çoxmədəniyyətli dəyərləri və tolerantlığı prioritet hala gətirdi və Azərbaycan Xalq Cümhuriyyətinin mirası olaraq dünyada keçirilən beynəlxalq forumların və tədbirlərin müəllifi oldu. Bu gün Azərbaycan bütün dinlərin nümayəndələrinin, milli və etnik azlıqların birgə mehriban yaşadığı dinc, tolerant və çoxmədəniyyətli ölkə kimi tanınır. Azərbaycan bu tolerantlıq modelinin bütün dünyada təşviq edilməli olduğuna inanır”, - deyə deputat qeyd edib.

M.Əfəndiyev diqqətə çatdırıb ki, bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən "Xarıbülbül" Folklor Festivalı çərçivəsində ölkəmizdə yaşayan müxtəlif xalqların musiqiləri "Azərbaycan musiqisindəki multikulturalizm" adı altında təqdim edildi. Bu, multikulturalizmin bariz nümunəsidir, eyni zamanda, Azərbaycanda mədəni müxtəlifliyin vəhdətinin əyani sübutudur. Ölkəmizdə bu istiqamətdə aparılan fəaliyyət gələcəkdə bütün dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyinin qorunub saxlanması, inkişaf etdirilməsi, o cümlədən uyğunlaşdırılması məqsədi daşıyır.

“Bu gün Cənubi Qafqazda yeni reallıqlar mövcuddur. Regionda sülh danışıqları artıq yeni mərhələyə qədəm qoyur. Müharibədən sonrakı dövr regionda ictimai, siyasi, mədəni, iqtisadi əlaqələrin bərpasının əhəmiyyətini xüsusilə artırır və bu proses bu gün daha çox multikultural yanaşma tələb edir. Şübhəsiz ki, Azərbaycan multikultural dəyərlərin inkişafına artıq bir əsrdən çox müddətdə töhfə verən ölkə kimi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada sülhün, əmin-amanlığın qorunub saxlanılması, davamlı inkişafın təmin edilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək”, - deyə Məzahir Əfəndiyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.