MƏDƏNİYYƏT
Müseyib Əmirov: Bu sərgi bir illik yaradıcılıq zəhmətinin nəticəsidir
Bakı, 15 yanvar, AZƏRTAC
İnsanların bir-birini bağışlaması, bir-birinə qarşılıqlı hörmət etməsi vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 15-də Müasir İncəsənət Muzeyində “Bax” layihəsi çərçivəsində fərdi sərgisinin açılış mərasimində əməkdar rəssam Müseyib Əmirov jurnalistlərə müsahibəsində deyib.
Rəssam bildirib ki, layihə çərçivəsində dünyanın bizi necə əhatə etdiyini, ümumiyyətlə, planetimizdə nə baş verdiyini göstərməyə çalışıb. Çünki bu dünya hamımızındır, ətrafımızda cərəyan edən hadisələr bəşəriyyətə aiddir. Planetimizdə sülh, əmin-amanlıq olmalıdır.
Sərgidə 13 rəngkarlıq və 20-dək qrafik əsərinin nümayiş olunduğunu deyən fırça ustası diqqətə çatdırıb ki, ekspozisiyasının təşkili ilə kurator Çingiz Babayev məşğul olub. Bu sərgi bir illik yaradıcılıq zəhmətinin nəticəsidir.
Müseyib Əmirov sərginin təşkilinə görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.