SİYASƏT


Müşfiq Cəfərov: Azərbaycan-İtaliya əlaqələri yeni mərhələdə uğurla davam edir

Bakı, 14 oktyabr, AZƏRTAC

Son illərdə Azərbaycan-İtaliya müttəfiqlik əlaqələri, siyasi-iqtisadi əlaqələr mahiyyət etibarilə yeni mərhələdə uğurla davam edir. Hər iki ölkə beynəlxalq aləmdə strateji tərəfdaş, həm də yaxın dost kimi çıxış edir, bir-birinə dəstək nümayiş etdirirlər. Biz bunu Prezident İlham Əliyevin oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində də gördük. Dövlətimizin başçısı dost ölkənin aparıcı nəşrinə müsahibəsində həm də bir sıra mühüm məqamlara toxundu.

Təbii ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasını xüsusi vurğulamaq yerinə düşər. Bu vacib tərəfdaşlıq özünü yalnız sənəd üzərində göstərmir, bir sıra əməli işlərdə daha çox büruzə verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Ötən il Azərbaycanın tarixinin ən şanlı dövrünü yaşadığını diqqətə çatdıran deputat bildirib ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən müharibə dövründə bizə bir çox ölkələr aşkar şəkildə dəstək oldular. Həmin ölkələrdən biri də Avropadakı strateji tərəfdaşımız İtaliyadır. İşğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə İtaliya müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəklədiyini, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan etdi. İtaliya kimi nəhəng bir dövlətin siyasi dəstəyi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Dost ölkə Azərbaycanı dəstəkləməklə yanaşı, işğalçı Ermənistanın müharibə cinayətlərinə öz etirazını bildirərək, yaşayış məntəqələrimizə edilən raket hücumlarına səssiz qalmadı, KİV-də və sosial şəbəkələrdə Ermənistanın Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatlar və açıqlamalarla çıxış etdi.

M.Cəfərov vurğulayıb ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində İtaliya mətbuatının haqq işimizə, Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu. Azərbaycan dövləti üçün həmin dönəmdə informasiya müharibəsi olduqca vacib idi. Dövlətimizin başçısı informasiya savaşında ardıcıl, prinsipial, davamlı mübarizə aparır, informasiya texnologiyalarının verdiyi imkanlarla xarici media nümayəndələrini, jurnalistləri Qarabağ həqiqətləri ilə bağlı mütəmadi operativ məlumatlandırırdı. Bu proses indi də gedir, dövlətimizin başçısının qeyd etdiyi kimi müharibə bitsə də, mübarizəmiz davam edir.

“Azərbaycanı 30 il ərzində narahat edən Qarabağ problemi artıq geridə qalıb, postmüharibə dövründə regionda yeni perspektivlər açılıb. Azərbaycanın yaratdığı yeni reallıqdan digər dost ölkələr kimi İtaliya da yararlanmaqda maraqlıdır. Artıq italyan şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə reallaşacaq genişmiqyaslı quruculuq və bərpa işlərində aktiv iştirakı üçün müəyyən layihələr təqdim edilib. Hər zaman Azərbaycanın yanında olan İtaliyanın biznes strukturlarının azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə cəlb olunması dostluq əlaqələrinin daha da yüksələn xətlə inkişafını göstərir”, - deyə deputat qeyd edib.

M.Cəfərov bildirib ki, qarşılıqlı addımlar postmüharibə dövründə iki dövlət arasında möhkəm təməllər üzərində qurulmuş dostluq münasibətlərini və iqtisadi əlaqələri daha da genişləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.