SİYASƏT
Müşfiq Cəfərov: Brüssel görüşü Avropa İttifaqının Cənubi Qafqazda sülh prosesinin mühüm hissəsinə çevrilməsini təsdiqləyir
Bakı, 1 sentyabr, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə dördüncü üçtərəfli görüşün keçirilməsi bu formatın davamlı olmasını və təşkilatın sülh prosesinin mühüm hissəsinə çevrilməsini təsdiq edir. Sözsüz ki, burada Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar böyük əhəmiyyətə malikdir. Məhz buna görə Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə "Dağlıq Qarabağ" və ATƏT-in Minsk qrupuna istinadın olmaması bir daha dövlətimizin xarici siyasətdəki böyük nailiyyəti kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
Deputat qeyd edib ki, görüşdə müzakirə edilən əsas məsələlər hazırda dövlətimiz üçün böyük əhəmiyyətə malik minaların təmizlənməsi və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlıdır.
“Bildiyimiz kimi 44 günlük Vətən müharibəsindən sonra erməni hərbçiləri Qarabağda terrora cəhdlər etdilər. Lakin Azərbaycan tərəfinin cavab tədbirləri nəticəsində onlar zərərsizləşdirildilər. Qarşı tərəf həmin terrorçuları dünya ictimaiyyətinə əsir kimi təqdim edərək beynəlxalq rəyi yanlış istiqamətə yönəltməyə çalışırdı. Lakin bu görüşdən sonra onlar rəsmi Bakının təqdim etdiyi ifadəyə görə saxlanılan ermənilər adlandırıldılar. Yəni Ermənistan hakimiyyətinin saxlanılan erməniləri beynəlxalq təşkilatlarda "müharibə əsirləri" kimi təqdimetmə cəhdi uğursuzluqla nəticələndi”, – deyə M.Cəfərov qeyd edib.
O əlavə edib ki, bu görüşdə də Zəngəzur dəhlizi ilə əlaqədar çağırış edilib, nəqliyyat əlaqələri ilə bağlı blokların aradan qaldırılması istiqamətində əldə edilən nəticələr müzakirə olunub. Əvvəlki görüşlərdə müzakirə edilən məsələlərdə Azərbaycan dövlətinin milli maraqlarına uyğun müəyyən irəliləyişin olması məlumdur. Ən əsası isə görüşdə sülh sazişinin yekunlaşması üzrə ciddi mövqe nümayiş etdirilib. Bununla da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bir ay müddətində sülh sazişinin layihəsi üzrə işləmək üçün görüş tapşırığı verilib.
Sərhədlərin delimitasiyası ilə bağlı Sərhəd Komissiyasının iclasının noyabr ayında Brüsseldə keçirilməsinin planlaşdırılması dəqiq nəticələrin əldə olunacağına əminlik yaradır. Ümumilikdə Avropa İttifaqının bu vasitəçiliyi, bütün görüşlərdə Azərbaycanın mövqeyinin qorunması dövlətimizin uzun illərə əsaslanan uzaqgörən müdrik xarici siyasətinin nəticəsidir. Bu isə sözsüz ki, Prezident İlham Əliyev tərəfindən illər öncə müəyyənləşdirilmiş və həyata keçirilən xarici siyasətimizin nailiyyətidir.