REGİONLAR
Müşfiq Həsənov: Fermer öz təsərrüfatının iqtisadi səmərəliliyini təhlil etməyi bacarmalıdır VİDEO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Bakı, 18 sentyabr, AZƏRTAC
2000-ci ildə orta məktəbi bitirdikdən sonra kənd təsərrüfatı ilə məşğul oluram. Əldə etdiyim uğurlar zəhmətimizin bəhrəsidir. İnsan qarşısına məqsəd qoyduğu zaman istəyinə nail olur. Hazırda təsərrüfatımızda kəndimizin 15 sakini işlə təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu sözlərin müəllifi İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən kəndli-fermer təsərrüfatının rəhbəri Müşfiq Həsənovdur.
Fermer öz işini dövrün tələblərinə uyğun qurduğunu vurğulayaraq deyib: “Hər səhər təsərrüfata gələndə ilk işim tövlədə quraşdırılmış müşahidə kameralarının yaddaşına yazılmış görüntüləri kompüter vasitəsilə izləmək olur. Bu yolla heyvanların sutka ərzində vəziyyəti ilə tanış oluram. Sonra mal-qaranın yemlənməsi və digər təsərrüfat işlərini həyata keçirirəm. Bu gün hər bir fermer öz işini dövrün tələblərinə uyğun qurmağı və öz təsərrüfatının iqtisadi səmərəliliyini təhlil etməyi bacarmalıdır. Bir fermer kimi təsərrüfatçılara tövsiyəm budur ki, hər zaman öz üzərlərində çalışsınlar, öz peşələrini sevsinlər”.
Müşfiq Həsənov təsərrüfatda ətlik və südlük cins mal-qara bəsləyir. “Təsərrüfatımızda əsasən südlük “Holşteyn” və ətlik “Simmental” cinsləri, həmçinin yerli mal-qara bəsləyirik. Buzovlarımız süni mayalama yolu ilə əldə olunub. Fermerlərə məsləhət görərdim ki, heyvandarlıq təsərrüfatında süni mayalamaya üstünlük versinlər. Təsərrüfatımızın taxılbiçən kombaynı, yük maşını, traktoru, kotan, mala, kultivator kimi avadanlıqları, toxum və gübrəsəpən aqreqatları, müasir standartlara cavab verən anbarları, toxumtəmizləyən, dərmanlayan qurğuları, elevatoru var”, - deyə fermer bildirib.
O, fermerlərin üzləşdiyi problemdən də danışaraq deyib: “Müasir kombaynların arxasında doğrayıcı olur. Həmin doğrayıcılar samanı çöp halına salır və bu da şum apararkən torpaqda doğranmış samanı təbii gübrəyə çevirir. Hər bir kombaynın arxasında doğrayıcının olması daha məqsədəuyğun olardı. Belə olarsa, fermerlər də daha kövşənliyi yandırmazdı”.
Qeyd edək ki, Müşfiq Həsənov aqrar sektorda əldə etdiyi uğurlara görə ötən il dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.