REGİONLAR
Müşfiq Məmmədli: Bu təşəbbüs göstərir ki, biz həmrəy olanda qarşıya qoyulan bütün vəzifələri yerinə yetirə bilərik
Sumqayıt, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bu gün xeyirxahlıq, humanizm, mərhəmət missiyasını öz amalına çevirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təkcə ölkəmizin deyil, bütün türk dünyasının böyük mütəfəkkir şairi olan İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə bütün respublika ərazisində 650 min ağac əkilir. Biz də böyük həvəslə bu nəcib kampaniyaya qoşulmuşuq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli söyləyib.
O deyib: “Bu təşəbbüs ölməz Nəsimi irsinə böyük ehtiram olmaqla yanaşı, həm də mühüm ekoloji kampaniyadır. Zaman gələcək bu fidan ağaclar böyüyüb boya-başa çatacaq. Hər birimiz bu ağacların yanından keçdikdə ölməz şairimiz Nəsimini və xalqımızın sevimlisi Mehriban Əliyevanı xatırlayacaq, qəlbimizi fərəh hissi bürüyəcək”.
“Genişmiqyaslı kampaniyaya şəhər əhalisinin bütün təbəqələri qoşulub. Bu da kampaniyanın ictimai əhəmiyyətindən xəbər verir”, - deyən M.Məmmədli qeyd edib ki, bu təşəbbüs, eyni zamanda, həmrəylik kampaniyası kimi, xalqımızın bir məqsəd uğrunda birləşib, həmrəy addım atmasının sübutudur. Yəni, bir yerdə olanda qarşıya qoyulan bütün vəzifələri yerinə yetirə bilərik. Bunun özü də bir mesajdır.