CƏMİYYƏT
Müşfiqabad qəsəbəsində Anım Günü münasibətilə 1000-dək Eldar şamı və zeytun ağacı əkilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis etdiyi 27 sentyabr Anım Günü münasibətilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyada şəhid ailələri, qazilər, ANAMA-nın əməkdaşları, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər. Aksiya zamanı 1000-dək Eldar şamı və zeytun ağacı əkilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Anım Günü təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərlə qeyd olunur, şəhidlərimizin əziz xatirəsi anılır. Ağacəkmə aksiyası da həmin tədbirlərdən biridir.
“Bu elə bir Zəfər, elə bil Qələbədir ki, onun qüruru sonsuzluğa qədər davam edəcək. Nə qədər Azərbaycan xalqı varsa, Vətən fədailəri hər zaman xatırlanacaqlar. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik”, - deyə nazir müavini qeyd edib.
Aksiyada iştirak edən ANAMA-nın əməkdaşı, Qarabağ qazisi Niyaməddin Hüseynov deyib: “27 sentyabrı tariximizin qeyrət simvolu hesab edirəm. Həmin tarix 30 il ərzində çəkdiyimiz zülmlərin, iztirabın sona çatdığı gündür. Ali Baş Komandana minnətdaram ki, dəmir yumruq olub düşmənləri əzməyimizə imkan yaratdı.
Müharibə dövründə Azərbaycan əsgərinin Qələbə inamına, xalqın birliyinə şahid oldum. Ləzgi, talış, avar, türk, kürd demədən hər kəs üçrəngli bayraq ətrafında birləşdi və düşmənə əsrlər boyu unutmayacağı zərbə vurdu”.
Qazi 44 günlük müharibə ilə bağlı xatirələrini bölüşərək deyib: “Sentyabrın 30-da üç nəfər Elməddin Abbasov, Coşqun Həsənov və mən cəbhə bölgəsində döyüşmək üçün könüllü kimi müraciət etdik və Füzuli könüllüləri kimi döyüşlərə qatıldıq. 2020-ci il oktyabrın 24-də Füzuli-Xocavənd istiqamətində “Çınqıllı təpə” deyilən ərazidə yaralandım. Belə ki, “N” saylı hərbi hissənin kəşfiyyat bölüyü ilə birlikdə həmin təpənin azad edilməsi uğrunda döyüşə qatılmışdım. Erməni səngəri ilə məsafəmiz 50-60 metrə bərabər idi. Əlimdə bayraqla səngərə doğru irəliləyir və onu səngərimizdə dalğalandırmaq istəyirdim. Düşmənin atdığı mərmi nəticəsində yaralandım. Buna baxmayaraq, silahdaşlarım həmin postu düşməndən azad etdi və şanlı bayrağımızı yüksəltdilər.
Ermənilər öz əsgərlərini, həlak olan hərbi qulluqçularının meyitlərini döyüş meydanında qoyub qaçırdılar. Lakin bizim qəhrəman oğullarımız qanı, canı bahasına olsa belə, şəhidi, yaralını döyüş meydanından çıxarırdılar. Silahdaşlarım da düşmənlə aramızdakı məsafənin az olmasına baxmayaraq, məni döyüş meydanından çıxardılar.
Düz on bir aydan sonra həmin əraziyə qayıtdım, yaralandığım səngərdə zirehli geyimimi və cibində bayrağımızı tapdım. Mənim üçün çox duyğulu anlar idi”.
Şəhid, kiçik çavuş Elşən Musayevin qızı Ayşə Musayeva da ağacəkmədə iştirak edənlərdən biri idi. O deyib: “Atam bizə insanları, ağacları, heyvanları sevməyi və incitməməyi öyrədirdi. Çünki ağaclar və heyvanlar da canlıdırlar. Mən də ağac əkirəm ki, atamın ruhu bunu görüb sevinsin”.