MƏDƏNİYYƏT


Müşfiqin xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq

Bakı, 5 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

İyunun 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şairin büstü önünə tər çiçəklər düzülüb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu gün 110 illik yubileyi dövlət tərəfindən qeyd edilən nakam şairimiz M.Müşfiq xalqımıza yaradıcılıq eşqi ilə dolu lirik nümunələr miras qoyub.

Bildirilib ki, sovet imperiyasının repressiya dalğasına tuş gələn M.Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib.

Onun “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

AYB-nin sədri, Xalq Yazıçısı Anar Mikayıl Müşfiq şəxsiyyətini milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığının isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu söyləyib.

Xalq Yazıçısı deyib ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi münasibətilə ölkəmizin hər guşəsində silsilə tədbirlər keçirilir.

Bildirilib ki, bu gün M.Müşfiqin ruhunun şad olduğu gündür. Onun xatirəsi daim Azərbaycan xalqının ürəyində yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.