MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyi azyaşlıları ekskursiyaya dəvət edir
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün yeniyetmələrlə iş əsas istiqamətlərdəndir. Uşaqları inkişaf etdirmək, onlara mədəni bacarıqlar aşılamaq, asudə vaxtlarını şaxələndirmək, onları muzeylərə, teatrlara, konsertlərə cəlb etmək lazımdır. Təbii ki, bu iş, yaş xüsusiyyətlərinə uyğun olaraq mədəni əyləncələr vasitəsilə tədricən aparılmalıdır. Ona görə də muzeydə müxtəlif yaş qrupuna aid olan uşaqlara fərqli münasibət göstərilir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə məktəbəqədər və ibtidai sinif şagirdlərinə anladıqları dildə ekskursiyalar təşkil edilir, onlar canlı və diskə yazılmış musiqi dinləyə, bəzi alətlərə toxuna bilirlər.
Həmçinin, muzeyi ziyarət edəcək balacalar Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin nəvəsinə yazdığı məktublarda illüstrasiya etdirdiyi rəsmlərin, muzeyin kolleksiyasından müxtəlif rəssamların opera və baletlər üçün çəkdikləri eskizlərin xüsusi hazırlanmış surətlərini rəngləyə bilərlər.
Bir qədər böyük uşaqlar üçün “Sehrli sandıq” və “Melodiyanı tap” oyunları keçirilir, “Azərbaycan xalq musiqi alətləri” mövzusunda Azərbaycan və rus dillərində sadə krossvordlar təqdim olunur. Uşaqlar, həmçinin, “Günay” uşaq teatrının artistləri kimi özlərini gənc bələdçi rolunda sınaya bilərlər.