MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Detaşe” violinçilər ansamblının konserti olub
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyi “Detaşe” violinçilər ansamblı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək ansamblın fəaliyyəti barədə danışıb. Bildirib ki, “Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin dərin rəğbətini qazanıb.
Xalq artisti Zəhra Quliyeva çıxış edərək rəhbərlik etdiyi ansamblın yaradılması və repertuarı barədə məlumat verib.
Daha sonra ansamblın ifasında ölkəmizlə yanaşı, Rusiya və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.