MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycan Dövlət Film Fondu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən tədbiri muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bəstəkarın ömür yolundan və bənzərsiz yaradıcılığından danışıb.
Bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş edib. Görkəmli bəstəkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirib. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənib və müəllifinə geniş coğrafiyada şöhrət qazandırıb. Fikrət Əmirovun zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.
Tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev, filmin rejissoru, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı, operatoru, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov çıxış ediblər.
Sonra Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Fikrət Əmirov” (1985) sənədli filminin təqdimatı keçirilib. Kinolentdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilib. Kino əsərinə "Sevil" operasından, "Min bir gecə" baletindən ayrı-ayrı səhnələr, Rəşid Behbudovun, Nəbi Xəzrinin, Tixon Xrennikovun müsahibələri daxil edilib. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmin rejissoru Əməkdar incəsənət xadimi Cahangir Zeynallı, operatorları Şərif Şərifov və Rafiq Qəmbərovdur.
Sonra musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək görkəmli bəstəkar , Fikrət Əmirovun anadan olmasının 100 illiyinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu vurğulayıb. Qeyd edib ki, ilin əvvəlindən başlayaraq həm Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda Fikrət Əmirova həsr olunmuş silsilə tədbirlər həyata keçirilir: “Tədbirlər çərçivəsində bəstəkara həsr olunmuş Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun çapı, UNESCO-nun baş qərargahının konsert zalında baş tutan konsert proqramını xüsusilə qeyd etmək olar”.
Sənətşünas onu da diqqətə çatdırıb ki, noyabrın 12-dən etibarən görkəmli bəstəkarın 100 illiyinə həsr olunmuş musiqi festivalına start verilib.
Tədbir Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Sonda bəstəkarın qızı Sevil Əmirova ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.