MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və bənzərsiz musiqi duyumu ilə sənət aləmində atdığı ilk addımlardan milyonların sevimlisinə çevrilən Muslüm Maqomayevin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir.

Alla Bayramova Azərbaycanda Müslüm Maqomayevin xatirəsinin daim əziz tutulduğunu, onun dərin məhəbbətlə anıldığını bildirib: “Müslüm Maqomayev aramızdan getsə də, nəfəsi duyulur. O, arxasınca böyük müğənni ordusu aparır, bir növ onlara yol göstərir”.

Müslim Maqomayev çoxəsrlik Azərbaycan musiqisi tarixinə parlaq səhifələr yazdığını bildirən muzeyin şöbə müdiri Xanım Abdinova deyib ki, onun bənzərsiz yaradıcılığı, estrada səhnəsindəki uğurları bizim musiqi salnaməmiz ayrıca bir yer tutur: “Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb”.

Çıxışlar zamanı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunub və iştirakçılar “Müslüm Maqomayev-80” adlı fotosərgiyə baxıblar.

Tədbir sevimli sənətkarın xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam edib. Konsertdə Müslüm Maqomayevin repertuarından ariyalar, romanslar və mahnılar səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.