MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Şövkət Məmmədovanın xatirəsi anılıb
Bakı, 2 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Noyabrın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi, SSRİ Xalq Artisti Şövkət Məmmədovanın anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin şöbə müdiri Xanım Abdinova Şövkət Məmmədovanın həyat və fəaliyyətindən söhbət açıb.
Vurğulanıb ki, Ş.Məmmədova operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah İsmayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz qoyub. Bakıda Teatr Texnikumu, habelə respublikada ilk not nəşriyyatı onun təşəbbüsü ilə yaradılıb. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb. O, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Ş.Məmmədovanın zəhməti aidiyyəti qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyası, habelə şəhərimizdəki küçələrdən biri onun adını daşıyır.
Çıxış edənlər opera səhnəmizdə bir-birindən gözəl rollar yaradan, bənzərsiz səsi ilə milyonların qəlbini fəth edən Ş.Məmmədovanın sənət yolunun parlaq hadisələrlə zəngin olduğunu və xatirələrdə silinməz izlər qoyduğunu söyləyiblər.
Tədbirdə görkəmli sənətkarın səhnə fəaliyyətini əks etdirən film və fotosərgi nümayiş olunub.