MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verən A. Bayramova bildirib ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və başqa əsərlərdə də rəqslərə quruluş verib.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova çıxış edərək sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirməsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışıb. Bildirib ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazanıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Əminə Dilbazinin yaradıcılıq yolu, milli rəqslərimizin təbliği və inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb.

Tədbirdə Əminə Dilbazinin həmkarları, sənət dostları və tələbələri sənətkarın yaradıcılığı haqqında çıxış edib, onunla bağalı xatirələrini bölüşüblər.

Ailə adından Xalq artistinin oğlu Mikayıl Hacıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Tədbir Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında Əminə Dilbazinin quruluş verdiyi rəqslərdən ibarət konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.