MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Muzeyində Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıb.

O, Cümhuriyyətin yaranma tarixi və fəaliyyəti, həmçinin müasir müstəqil dövlətimizin inkişafı, onun dünya miqyasındakı mövqeyi, o cümlədən son illər xalqımızın dirçəlişi və rifahi naminə görülən işlər barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Bütün müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlət quruculuğumuz bərqərar edilib.

Vurğulanıb ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Müstəqillik Günü olaraq təntənə ilə qeyd edir.

Muzeyin böyük elmi işçisi Aynur Müfidzadə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyətimiz” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra tədbir muzeyin Qədim Musiqi Alətləri Ansamblının müşayiəti və solistlər Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.