MƏDƏNİYYƏT


“Musiqi ədəbiyyatı” fənni üzrə innovativ tədris vəsaitləri hazırlanıb

Bakı, 27 noyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə professor Tarlan Seyidovun rəhbərliyi altında BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının hazırladığı unikal layihə başa çatıb.

BMA-dan AZƏRTAC-a bildirilib ki, layihə ölkənin Uşaq musiqi məktəbləri və incəsənət məktəbləri üçün nəzərdə tutulmuş “Musiqi ədəbiyyatı” fənni üzrə innovasiyalı tədris vəsaitlərinin hazırlanması ilə bağlıdır. Bu işə təcrübi-eksperimental məktəb-studiyanın aparıcı müəllimləri və elmi işçiləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, Elmira Mustafayeva, Nüşabə Quliyeva, Rəna Məmmədova, Şəfəq Hacıyeva cəlb olunub.

Layihənin unikallığı hər şeydən öncə onun qısa və lakonik olmasında, eyni zamanda, şagirdin musiqi materialının nümunələrini əyani surətdə görüb-eşitmə imkanına sahib olmağındadır (not nümunələri və onların linkləri verilmiş mövzudan dərhal sonra gəlir). Bu yeni üsul verilmiş məzmunun qısa müddətdə asan və rahat qavranılmasına zəmin yaradır, eyni zamanda, şagirdin vaxtdan səmərəli şəkildə istifadə etməklə musiqili-ifaçılıq ixtisas fənləri ilə məşğul olmağa imkan verir.

Mühüm məqamlardan biri də klassik musiqinin bir sıra şah əsərlərinin yaranma tarixinin yeni tərzdə işıqlandırılmasıdır.

Məsələn, Motsartın məşhur Türk marşı bu janrın Avropa mədəniyyətinə (XVI–XVIII əsrlər arasında Osmanlı imperiyasının və Avstriyanın uzunsürən müharibələri zamanında) daxil olması nəticəsində yaranıb. Sonrakı dövrdə baş verən Avstriya-türk müharibələrinin heç biri avstriyalıların türk musiqisinə, əsasən də yeniçərilərin hərbi marşına olan sevgisini məhv edə bilməyib.

Konspektlərdə Şopenin məşhur “İnqilabi” fortepiano etüdünün bədii əsası qeyd olunur. Bu əsər rus mütləqiyyətinə qarşı olan polyak inqilabı hadisələrinin təsiri nəticəsində yazılıb.

“Musiqi ədəbiyyatı” fənni üzrə Proqram-konspektlər bu yaxınlarda professor Tərlan Seyidovun müəllif layihəsi əsasında məktəb-studiya tərəfindən uğurla həyata keçirilmiş “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” Birinci Beynəlxalq müsabiqəsinə xarici və yerli iştirakçıların hazırlanması üçün metodoloji əsas kimi xidmət edib.

Vəsaitin elektron versiyası ölkəmizin bütün musiqi məktəblərinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.