MƏDƏNİYYƏT
Musiqi məktəbinin ansamblı beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 22 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin "Nağara” ansamblı İtaliyada "Sopravist" Beynəlxalq Festivallar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Gələcəyin ulduzları" adlı beynəlxalq festival-müsabiqəsində ölkəmizi uğurla təmsil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, ansambl onlayn formatda keçirilən müsabiqədə “Zərb alətləri” nominasiyası üzrə qruplar arasında birinci yerə layiq görülüb.
Müsabiqədə iştirak edən şagirdlər və ansamblın rəhbəri, nağara ixtisası üzrə müəllim Cəfər Həsənov diplomla təltif olunub.
Münsiflər heyəti, həmçinin ayrıca olaraq ansambla diplom, məktəbin direktoru, professor Adilə Yusifovaya və müəllim Cəfər Həsənova təşəkkür məktubu ünvanlayıb.