ELM VƏ TƏHSİL
Musiqi sənəti istiqaməti üzrə 3400-ə yaxın abituriyent xüsusi qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçib
Bakı, 6 iyul, AZƏRTAC
Musiqi sənəti istiqaməti üzrə təxminən 3400-ə yaxın abituriyent xüsusi qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçib. Bu istiqamət üzrə xüsusi qabiliyyət imtahanları iyunun 22-dən etibarən keçirilir. İmtahanların avqustun 1-dək davam etməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Artıq üç ildir ki, musiqi sənəti istiqaməti üzrə imtahanlar həm ənənəvi, həm də onlayn formatda təşkil olunur. İmtahan nəticələri 3 gün ərzində elan olunur və DİM-in saytına – hər bir imtahan iştirakçısının özünə aid səhifəsinə yerləşdirilir.
Abituriyentlərin öz şəxsi səhifələrində proqram formaları yerləşdirilib. Qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edən zaman abituriyent ixtisasına uyğun olan proqram formasını da çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
Musiqi sənəti üzrə bəzi imtahanlarda fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər əvvəlcədən elan olunmuş tarixlərdə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsi ilə imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində maksimum üç abituriyenti müşayiət edə bilər.
İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
-musiqi üzrə proqram formasını.
Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə aşağıdakı fənlər üzrə bir komissiyadan alınan məqbul qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur.
Bakalavriat səviyyəsinə qəbul üzrə:
20, 21, 22, 23, 24, 36, 27, 29, 30 və 31-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 32-ci komissiyanın ixtisaslarını qeyd edə bilər.
20, 21-ci komissiyalardan müsbət qiymət alan abituriyent 31-ci komissiyanın müvafiq ixtisaslarını seçə bilər.
22-ci komissiyadan müsbət qiymət alan abituriyent 23-cü komissiyanın müvafiq ixtisaslarını seçə bilər.
23-cü komissiyada saz, balaban və nağara alətləri üzrə imtahan verərək müsabiqəyə buraxılmış abituriyentlər ixtisas seçimində Azərbaycan Milli Konservatoriyasının İnstrumental ifaçılıq (xalq çalğı alətləri üzrə) ixtisası üzrə də müsabiqədə iştirak edə biləcəklər.
68, 71,72,73, 74, və 75-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 76-cı komissiyanın ixtisaslarını qeyd edə bilər.
Orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə:
220-ci komissiyadan məqbul qiymət alan abituriyentin imtahan nəticəsi 221-ci komissiyaya şamil olunur.
222-ci komissiyadan məqbul qiymət alan abituriyentin imtahan nəticəsi 230-cu komissiyaya şamil olunur.
4501-ci komissiyadan alınan müsbət qiymət 4502-ci komissiyaya şamil olunur.
4701-ci komissiyadan alınan müsbət qiymət 4702-ci komissiyaya şamil olunur.
Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı, keçirilməyən imtahanlara şamil oluna bilər.
Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.