MƏDƏNİYYƏT
Musiqiçi Nigar Əsgərova: Arzu edirəm ki, Azərbaycan bundan sonra da çiçəklənsin, inkişaf etsin
Madrid, 11 may, AZƏRTAC
Təxminən otuz ilə yaxındır İspaniyadayam və buradakı həyatım boyu ən ülvi hisslər bəslədiyim Vətənimlə əlaqələri kəsməmişəm.
Bu sözləri Madriddəki Xoakin Turina adına Musiqi Kollecinin müşayiətçi sinfinin müəllimi Nigar Əsgərova AZƏRTAC-a müsahibəsində deyib.
Nigar Əsgərova Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında təhsil alıb və burada ispaniyalı İmpresario Rodriges ilə tanış olub. Həmin vaxt o, Madriddə musiqi məktəbi açmaq niyyətində idi və keçmiş SSRİ-dən mütəxəssislər cəlb edirdi. Belə ki, 1994-cü ildə Nigar Əsgərova İspaniyaya köçərək musiqi karyerasını burada qurmaq qərarına gəlib.
“Bakıda “Eurovision” mahnı müsabiqəsi keçirildikdən sonra İspaniyada Azərbaycan haqqında danışmağa, öyrənməyə başladılar. Bu müsabiqə dünyada Azərbaycanın təbliği baxımından çox əhəmiyyətli oldu. Təbii ki, İspaniya kimi futbol ölkəsi üçün “Atletiko” klubunun futbolçularının üzərində “Azərbaycan – Odlar Yurdu” sözləri yazılmış köynəklərdə meydana çıxması da mühüm rol oynadı. Futbol matçları zamanı azarkeşlərin üzərində hələ də bu formaları görürəm. Bakıda ilk dəfə keçirilən Formula 1 yarışını da unutmaq olmaz. Əvvəllər düşünürdülər ki, Azərbaycan sadəcə neft buruqlarının olduğu ölkədir. Yarışlar üçün ən gözəl və ən uzun şəhər traslarından biri yaradıldığından və pilotların yolu şəhərin mərkəzi küçələri ilə düz salındığından paytaxt qonaqları Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin şahidi olublar. Bir sözlə, reklam ən yüksək səviyyədə təşkil olunub. Bu mənada Azərbaycanın xarici siyasəti mədəni irsimizi uğurla təbliğ edir”, - deyə Nigar Əsgərova bildirib.
Həmyerlimiz mədəni dəyərləri ispaniyalı dostları ilə bölüşdüyünü qeyd edib: “Bu yaxınlarda bir problemlə qarşılaşdıq. Azərbaycan bəstəkarlarının əsərlərinin ifa ediləcəyi tədbir üçün lazım olan əsərlərin notlarını əldə edə bilmədik. İnternetdə axtardıq, yəni, minimum baza var idi ki, bu da zəngin mədəniyyətimizi təbliğ etmək üçün yetərli deyil. İncəsənətimizin daha geniş təbliği üçün görkəmli bəstəkarlarımızın musiqi irsinə əlçatanlığın təmin olunması çox vacibdir”.
N.Əsgərova Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasından, əzəli torpaqlarımızın işğaldan azad olunmasından hədsiz qürur hissi keçirdiyini bildirərək deyib: “Vətən müharibəsi zamanı İspaniya mətbuatının Qarabağda hərbi əməliyyatların gedişi ilə bağlı neytral məlumat verməsinə baxmayaraq, bu ölkədə Azərbaycanın ərazi bütövlüyünün bərpası anlayışla qəbul edildi. İspanlar hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə böyük hörmətlə yanaşırlar. Əzəli torpaqlarımızın, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad edilməsi ordumuzun qəhrəmanlığının, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik qabiliyyətinin göstəricisidir”.
Həmyerlimiz vurğulayıb ki, uğurla inkişaf edən Azərbaycan gəncliyi öz istedadları və nailiyyətləri ilə ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Xaricə təhsil almağa gedən gənclərin Vətənə qayıtması, intellektual və yaradıcı potensialından istifadə edərək ölkənin müasir inkişafına töhfə verməsi çox vacibdir.
“Mən mütəmadi olaraq Azərbaycana gəlirəm. Bu yaxınlarda da Bakıda olmuşam, anamı, qohumlarımı ziyarət etmişəm. Son gəlişimdə paytaxtımızın gözəlliyi məni heyran etdi. Sovet dövründən müasir Bakıya tarixi keçid film kimi gözümün önündə canlandı. Bugünkü Bakı heyrətamiz şəhərdir. Şadam ki, ölkəmizin regionları da inkişaf edir. Doğma Bakıya qayıtmaq həmişə xoşdur. Doğma Azərbaycanda baş verən hadisələri izləyirəm. Ən böyük arzum odur ki, Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf etsin”, - deyə Nigar Əsgərova bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid