MƏDƏNİYYƏT
Musiqili Teatr tamaşaçılara iki gün bayram ovqatı yaşadıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Bir həftəyə yaxındır ki, ölkəmizdə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Beynəlxalq mədəni aləmdə kifayət qədər sanbala və nüfuza malik olan bu mötəbər tədbirdə Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edir.
Musiqili Teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları əsasında səhnələşdirilmiş tamaşalar təqdim olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi iki gün ard-arda tamaşaçılar qarşısında çıxış edib. Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş edilən səhnə əsərlərini tanınmış iranlı dirijor Bərdia Kiyarəs idarə edib.
Tamaşaları Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları, festival iştirakçıları və digər mötəbər qonaqlarla yanaşı, teatrın daimi və sevimli tamaşaçıları izləyiblər.
Anşlaqa səbəb olan hər iki səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.