MƏDƏNİYYƏT
Musiqili Teatrda növbəti premyera
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanan tamaşanın məşqləri yekunlaşmaq üzrədir.
Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. Tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir. Səhnə əsərində SSRİ Xalq Artisti Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər ölməz musiqilərindən istifadə olunub.
Əliqismət Lalayev deyib: “Tamaşa minimalizm üslubunda qurulub. Biz dekorasiyadan demək olar ki, imtina etmişik. Səhnə əsəri bütün varlığı ilə sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir”.
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada rolları Xalq Artisti Şükufə Yusifova, Əməkdar Artist İlham Hüseynov və aktrisa Cəlalə Novruzlu ifa edəcəklər.