MƏDƏNİYYƏT
Musiqili Teatrda tamaşaların keyfiyyətinin artırılması məsələsi müzakirə edilib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bədii Şuranın geniş tərkibdə yığıncağı keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev sənət ocağının qarşısında duran vəzifələrdən və həlli vacib məsələlərdən söz açıb.
Direktorun iştirakı ilə iş prosesində yol verilən bəzi ciddi nöqsanların aradan qaldırılması barədə kollektivlə müzakirələr aparılıb.
Teatrın direktoru Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusun verilməsi haqqında” müvafiq Sərəncamından sonra sənət ocağının əməkdaşlarında ruh yüksəkliyinin daha da artdığını qeyd edib.
O, Akademik Musiqili Teatrın kollektivinin bundan sonra da dövlət əhəmiyyətli tədbirlərdə, qastrol səfərlərində, müsabiqələrdə fəal iştirakının zəruriliyini vurğulayaraq, yol verilən bəzi ciddi nöqsanlara görə iradlarını da bildirib.
Ə.Lalayev teatrda çalışan hər kəsin qurumun daxili qayda-qanunlarına, nizam-intizam qaydalarına əməl etməsinin vacibliyini diqqətə çatdırıb.
Xalq artisti Afaq Bəşirqızı çıxış edərək səhnə təcrübələrini gənc aktyorlarla bölüşüb, məsləhətlər verib.
Aktrisa xüsusi qeyd edib ki, teatrın “akademik” status alması, aktyorların maddi rifahının yüksəldilməsi, ölkə başçısı tərəfindən incəsənətə, teatra verilən yüksək dəyərin göstəricisidir.
Sonra teatrın baş inzibatçısı Sücəddin Sadiyev, rejissor assistentləri - Elməddin Dadaşov və Sevinc Məmmədova çıxış edərək iş prosesi zamanı yaranan çətinliklərdən və qarşıya çıxan problemlərin birgə həlli yolları barədə müzakirələr aparıblar.
İclasda teatra tamaşaçı axınının günbəgün artdığını və insanların mənəvi zövq alması üçün məhz Akademik Musiqili Teatrı seçməsini nəzərə alaraq, repertuardakı tamaşaların siyahısında yenilənmələrin olmasını qeyd dib.
Sonda teatrın qarşısında duran gələcək planları, repertuarda olan tamaşaların keyfiyyətinin artırılması, tamaşaçıların zövqünə uyğun və müasir dövrlə səsləşən səhnə əsərlərinin hazırlanması və digər məsələlər qarşılıqlı dialoq və diskussiya şəklində müzakirə edilib.
Problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi və səsləndirilən müxtəlif təklifləri nəzərə alaraq, belə müzakirələrin davamlı olmasının vacibliyi vurğulanıb.