MƏDƏNİYYƏT


Musiqili Teatrın aktyoru beynəlxalq müsabiqədə münsiflər heyətinin üzvü seçilib

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı İbrahim Əlizadə Ukraynanın “Budu jiti v Ukrainı” (“Ukraynada yaşayacağam”) beynəlxalq müsabiqəsində ikinci dəfədir ki, münsiflər heyətinin üzvü olur.

Əvvəlki illərdə “Dans Song Fest” adı altında keçirilən bu müsabiqədə bir neçə dəfə laureat adını qazanmış vokal ifaçısı Ukraynanın Əməkdar artisti, Xarkov Dövlət Mədəniyyət Akademiyasının kafedra müdiri Lyudmila Vladimirovna Kudriçin dəvəti ilə gənclərdən ibarət münsiflər heyətində iştirak edəcək.

Musiqili Teatrdan AZƏRTAC-a bildirilib ki, Ukraynadakı mövcud vəziyyətlə əlaqədar onlayn keçirilən bu müsabiqəyə ölkəmizdən olan xoreoqraf, vokalçı və instrumental ifaçılar da may ayının 15-nə kimi iştirakçı qismində videomateriallarla müraciət edə bilərlər.

Qeyd edək ki, İbrahim Əlizadə 2017-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist kimi çalışır və qəlbləri ovsunlayan səsi ilə artıq tamaşaçıların sevimlisinə çevrilib.

O, Akademik Musiqili Teatrın səhnəsində “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşasında Süleyman, “Balaca Şahzadə” müziklində (A.Ekzüperi, R.Ağababayev) Ora-bura, “Paris Notr-Dama ithaf”da (V.Hüqo, libretto müəllifi və quruluşçu rejissor S.Qulamov) Keşiş, “Beş manatlıq gəlin”də (S.Rüstəmov, M.S.Ordubadi) Nadir, “Amerikalı kürəkən”də (R.Mirişli, M.Haqverdiyev) Cəlil, “Baladadaşın toy hamamı”nda (Elçin, F.Allahverdi) Murad, "Bir nəfəs qədər”də (S.Qulamovun pyesi əsasında və quruluşunda) Hərbi komissar obrazlarının öhdəsindən məharətlə gəlib.

İ.Əlizadə teatrın 112-ci mövsümünün premyerası olan “Bəxtiyar” (T.Quliyev, səhnələşdirən: C.İmamverdiyev) tamaşasında Bəxtiyar rolunda çıxış edib.

2021-ci ilin mart ayında 31 Mart Soyqırımı Gününə həsr olunmuş “Sündü” (quruluşçu rejissoru və ssenari müəllifi: S.Qulamov) filminə çəkilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.