MƏDƏNİYYƏT


Musiqili Teatrın səhnəsində ilk balet-tamaşa – “Dədəm Qorquddan bir nişanə”

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında daha bir layihə – “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan balet tamaşanın quruluşçu baletmeysteri beynəlxalq müsabiqə və festivallar laureatı, Əməkdar artist Emin Əliyevdir.

Yeni tamaşa ilə bağlı fikirlərini bölüşən quruluşçu baletmeyster Emin Əliyev deyib: “Teatr sənəti sahəsində bir sıra ilklərə imza atan rejissorumuz Əliqismət Lalayev tərəfindən bütün türk dünyasının ortaq yazılı mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının motivlərindən qaynaqlanan balet-tamaşanın səhnələşdirilməsi təklifini alanda mən də, quruluşçu rejissor Samir Qulamov da çox həyəcanlandıq. Düzdür, indiyə qədər teatrımızın səhnəsində müxtəlif balet kompozisiyaları qurulub. Amma teatrımızın aktyorları, balet və xor artistlərinin vəhdəti ilə bizim səhnədə belə irimiqyaslı balet-tamaşa ilk dəfədir qurulur. “Dədəm Qorquddan bir nişanə”ni teatrımızın möhtəşəm səhnəsi ilə yanaşı, xarici ölkələrə qastrol səfərlərimizdə də nümayiş etdirməyi planlaşdırırıq. Onu da deyim ki, Əliqismət müəllimin rəhbərliyi ilə rejissor Samir Qulamovla bundan öncə işlədiyimiz müştərək layihə – “Nəsimi” kompozisiyası da uğurla qarşılandı, “Nəsimi ili”nə teatrımızın gözəl bir hədiyyəsi oldu. Ümidvaram ki, yeni balet-tamaşamız da Azərbaycan teatr məkanlarında böyük marağa səbəb olacaq”, – deyə Emin Əliyev söyləyib.

Yaradıcı heyətlə görüşündə tamaşanın iştirakçılarına bu məsuliyyətli işdə uğurlar arzulayan tanınmış rejissor və teatr rəhbəri Əliqismət Lalayev qeyd edib ki, bu tamaşada, həm də Uruz obrazında çıxış edəcək.

Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi rəhbəri Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılov, səs rejissoru Məhəmməd Məhəmmədov, rejissor assistenti Sevinc Məmmədova olan balet tamaşada teatrın solistləri – Əmrah Dadaşov (Dədə Qorqud), Mehriban Zaliyeva (Burla Xatun), İbrahim Əlizadə (Şöklü Məlik), balet artistləri – Murad Ağayev (Qazan Xan), Mələkxanım Səfərova (Selcan xatun), Məhəmməd Abdullayev (Beyrək), Nurlan Yusifzadə (Buğac), xor artistləri – Murad Əliyev (Aruz ), Əli Kərimov (Mürüd) və başqaları iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.