MƏDƏNİYYƏT
Musiqili Teatrın solisti TÜRKSOY-un diplomuna layiq görülüb
Bakı, 18 may, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un yaranmasının 25-ci ildönümü ilə əlaqədar türk dünyasının bir çox tanınmış opera ulduzları Türkiyənin Qaziantep şəhərində birinci Beynəlxalq Opera və Balet Festivalının açılış mərasimində, həmçinin, Qəhrəmanmaraş, Hatay və Adana şəhərlərində keçirilmiş silsilə konsert proqramlarında iştirak ediblər. Türkiyə, Qazaxıstan və Qırğızıstanın da qatıldığı festivalda ölkəmizi Musiqili Teatrın solisti Eleonora Mustafayeva təmsil edib.
Bu barədə sənət ocağının mətbuat katibi Fəridə Aslanova AZƏRTAC-a məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə, məşhur dirijor Pyotr Qribanovun idarə etdiyi bu möhtəşəm konsertlərdə Eleonora Mustafayeva Cakamo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyasını, Cüzeppe Verdinin “Trubadur” operasından Leonoranın ariyasını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından Gülçöhrənin ariyasını oxuyub.
Sonda TÜRKSOY-un baş katibi Düsen Kaseinov aktrisaya rəhbəri olduğu qurumun adından diplom təqdim edib.