MƏDƏNİYYƏT


Musiqişünas-alim Elmira Abbasovanın 90 illiyi qeyd olunub

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 90 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan akademiyanın “Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mina Babayeva sənətkarın həyat və yaradıcılığından danışıb.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli görkəmli alimin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açaraq onun musiqi elmi, musiqi tənqidi və publisistikası, habelə elmi-nəzəri fəaliyyəti ilə bağlı məlumat verib.

Bildirilib ki, Elmira Abbasova müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırıb. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında işıq üzü görüb.

Sonra görkəmli musiqişünasın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə Elmira Abbasovanı Üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb, Elmira Abbasovanın 90-cı illərdə çətin və gərgin bir dövrdə təşkil etdiyi konsert və konfranslardan danışıb.

Əməkdar incəsənət xadimi, BMA-nın professoru İmruz Əfəndiyeva çıxış edərək Elmira Abbasova ilə birgə iş fəaliyyətlərindən, onun yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs edib.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın geniş məruzəsi dinlənilib.

Sonra konsert proqramı təqdim edilib. Konsertdə görkəmli bəstəkarlarımızın əsərləri səsləndirilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.