MƏDƏNİYYƏT


Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 17-də dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək yubiley tədbiri “Yaşıl Teatr” Bakı Konsert Kompleksində olacaq.

Tədbirdə Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstanın Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar çıxış edəcəklər. Yubiley gecəsində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.

Konsertə biletləri iticket.az saytı və kassalarından əldə etmək olar.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünyaşöhrətli "La Skala" teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.