REGİONLAR
Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır
Yevlax, 13 noyabr, AZƏRTAC
Müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurlar, respublikamızın sosial-iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyəti ilə bilavasitə bağlıdır. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi olan YAP-ın üzvləri Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində, dövlət quruculuğunda yaxından iştirak edərək, uğurlara imza atıblar.
AZƏRTAC xəbər verir ki, bu fikir YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə Yevlaxda keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov tədbirdə çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan, ötən dövrdə qazandığı uğurlardan, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində xidmətlərindən danışıb. Bildirib ki, hazırda Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Bu partiyanın siyasi səhnəyə gəlməsi ilə ölkəmizdə demokratiya, azadlıq, müstəqillik ideyaları öz təcəssümünü tapıb.
Tədbirdə YAP Yevlax rayon təşkilatının rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrildiyi bildirilib. Qeyd edilib ki, 1993-cü il iyulun 17-də əsası qoyulan rayon təşkilatı bu gün öz sıralarında 8660 nəfər partiya üzvünü birləşdirir. Onlardan 4450-si qadın, 2010-u gənclərdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova, təşkilatın sədr müavini Əli Quliyev və başqaları çıxış edərək, partiyanın respublikanın həyatındakı rolundan danışıblar. Bildirilib ki, 25 il ərzində ölkəmizdə əldə olunan nailiyyətlər, Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyasının şərəfli tarixinin parlaq səhifələridir. Xalqın böyük inamını qazanan YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.
Musiqili proqramla davam edən tədbirdə rayon təşkilatının bir qrup fəal üzvünə fəxri fərman və hədiyyələr təqdim olunub.