CƏMİYYƏT
Müstəqil Azərbaycanın hüquqi, dünyəvi və demokratik imicinin formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Bakı Şəhər Prokurorluğunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Bakı Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, əbədiyaşar liderimizin unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, görkəmli şəxsiyyət, əvəzolunmaz insan, müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb, Azərbaycan inamla dünya arenasında özünə layiqli yer tutub, beynəlxalq aləmdə söz və nüfuz sahibi olub. Müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizədə əldə edilmiş bütün nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi məqsədyönlü hüquqi islahatların məntiqi nəticəsidir. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Konstitusiya, eləcə də həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə demokratik və hüquqi dövlətin möhkəm əsaslarını yaradıb.
Diqqətə çatdırılıb ki, ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə Ulu Öndər tərəfindən əsası qoyulan hüquqi islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını vurğulayıb.
Sonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət” filmi nümayiş etdirilib.