SİYASƏT
“Müstəqil Dövlətlər Birliyinin gəncləri: statistik portret” məcmuəsi nəşr edilib
Minsk, 30 dekabr, AZƏRTAC
2014-cü ildə MDB Statistika Komitəsi regiondakı gənclərin vəziyyəti ilə bağlı məsələlərin böyük əhəmiyyətini nəzərə alaraq, BMT-nin Əhali Fondu (UNFPA) ilə birlikdə “Müstəqil Dövlətlər Birliyinin gəncləri: statistik portret” adlı məcmuə hazırlamışdı.
MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məcmuə üzərində iş prosesində MDB Statistika Komitəsi milli statistika xidmətləri ilə, o cümlədən Azərbaycan Dövlət Statistika Komitəsi ilə, habelə statistikanın müxtəlif sahələri üzrə beynəlxalq və milli ekspertlərlə sıx əməkdaşlıq edib. Topluya əlavə edilən bukletdə gənclərin həyatının müxtəlif aspektləri əks olunub. Statistik toplu və buklet MDB üzvü olan bütün ölkələrin və Birliyin rəhbər orqanlarına göndərilib, MDB ölkələrinin gənclərinin I Parlamentlərarası Forumu, Mərkəzi Asiya ölkələrinin parlament üzvlərinin konfransı və digər yüksək səviyyəli beynəlxalq forumlarda təqdim edilib.
MDB Statistika Komitəsi və UNFPA gənclər haqqında məlumata böyük marağı nəzərə alaraq 2016-cı ildə həmin toplunun və bukletin ikinci buraxılışını nəşr etməyi qərara alıblar.
Birinci buraxılış kimi, 2016-cı il nəşri də gənclərin həyatının müxtəlif aspektlərini: demoqrafiya, miqrasiya, səhiyyə, təhsil, əmək bazarında iştirak, həyat səviyyəsi və başqa məsələləri əhatə edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk