REGİONLAR
Müstəqil, qüdrətli Azərbaycan Respublikası Ulu Öndərimizin şah əsəridir
Naxçıvan, 9 may, AZƏRTAC
Ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizin bütün sahələrdəki inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin uzaqgörən siyasətinin əsəri milli, ümumbəşəri dəyərlərə əsaslanan, qüdrətli orduya sahib, inkişaf etmiş təhsil sisteminə malik, güclü iqtisadi inkişafı şərtləndirən, dünyanın inkişaf etmiş dövlətləri sırasında öz yerini tutan müstəqil Azərbaycandır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Ümummilli Liderimizin uzaqgörən siyasəti və Vətən müharibəsindəki zəfərimiz: möhtəşəm irs və zaman” mövzusunda keçirilən elmi konfransda çıxış edən institutun rektoru Azad Novruzov bu fikirləri səsləndirib. Qeyd edib ki, Ümummilli Liderin siyasətinin uğurla davam etdirilməsi dövlət-xalq-ordu birliyinin əsasında şanlı qələbəyə apardı. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi bu məsələdə öz sözünü dedi və işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu.
Sonra institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev “Qarabağ Azərbaycandır!” çağırışından Böyük Qayıdışa doğru: dövlət və xalqın vəhdəti dünən və bu gün”, Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti və müharibədə zəfər çalan gəncliyimiz” mövzularında çıxış ediblər.