REGİONLAR
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir VİDEO
Ağsu, 17 oktyabr, AZƏRTAC
Ağsuda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Yığıncaqda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra çıxış edən icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə yığıncaq iştirakçılarını təbrik edib.
İcra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının ən böyük sərvətidir” mövzusunda məruzə edib. Vurğulanıb ki, 25 il əvvəl - 1991-ci il oktyabrın 18-də qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı tariximizin ən şanlı səhifələrində öz layiqli yerini tutub. O vaxtkı ağır tarixi şəraitdən bəhs olunaraq qeyd edilib ki, dağılmaqda olan sovet imperiyasının ermənilərə havadarlıq etməsi, bunun nəticəsində torpaqlarımızın işğalı, törədilən təxribatlar, yarıtmaz idarəetmə müstəqilliyimizin ilk illərində ölkəmizdə ciddi problemlərə səbəb olub. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.
Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib.
Tədbir digər çıxışlarla davam edib.