Müstəqillik Günü İstanbulda böyük coşqu ilə qeyd edilib
AzerTAg.az
İstanbul, 29 may, AZƏRTAC
28 May - Müstəqillik Günü İstanbulda böyük coşqu ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan proqramda qardaş ölkədə fəaliyyət göstərən QHT-lərin, siyasi partiyaların və dərnəklərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin İstanbuldakı baş konsulluğunun konsulu Cavid Ələkbərov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu, İğdırlılar Dərnəyinin sədri Hadi Akmugan, İSTAD-ın Baş katibi Mətin Yıldırım və digərləri Azərbaycanın müstəqillik uğrundakı mübarizəsindən danışıb, əldə edilən bu müstəqilliyin digər türkdilli xalqlar üçün də bir nümunə olduğunu qeyd ediblər.
28 Mayın Vətənimizin tarixindəki rolundan danışan çıxışçılar bunun qısa sürməsinə baxmayaraq azərbaycanlıların uzun zaman apardığı mübarizə nəticəsində ölkənin 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini xatırladıblar.
Qeyd edilib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə məhz qardaş Türkiyə olub. Əsrlər boyu davam edən Türkiyə-Azərbaycan qardaşlığı burada da özünü büruzə verib və bütün dünyada misli olmayan bu həmrəylik tarix durduqca davam edəcək.
Konsul Cavid Ələkbərov Türkiyənin Azərbaycanın yanında olduğunu, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyə dövləti və xalqının mənəvi dəstəyi ilə daim Azərbaycanla həmrəylik nümayiş etdirdiyini bildirib.
Mərasimdə Azərbaycan və Türkiyə musiqiləri səsləndirilib, milli mətbəximizin nümunələri qonaqlara təqdim olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul




Xəbərin mətnində orfoqrafik səhv var