SİYASƏT
Müstəqillik Günü Xorvatiyada da qeyd olunub
Zaqreb, 27 may, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhərində 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Xorvatiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək, qonaqları salamlayıb və Müstəqillik Günü, bu günün tarixi əhəmiyyəti, eləcə də ölkəmizin müstəqilliyini bərpa etməsi barədə ətraflı məlumat verib.
Tədbirdə Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba Buyeviç, Xarici və Avropa İşləri Nazirliyinin yüksəkvəzifəli şəxsləri, İslam İcmasının rəhbəri Aziz Hasanoviç, diplomatik korpus və ictimaiyyət nümayəndələri, habelə diaspor üzvləri iştirak ediblər.
Qonaqlar arasında, həmçinin Xorvatiyada rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti yer alıb.
Çıxışlardan sonra ziyafətlə davam edən tədbir çərçivəsində qonaqlara milli musiqimiz, mədəniyyətimiz barədə məlumat verilib, Azərbaycan istehsalı olan şərablar təqdim edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb