MƏDƏNİYYƏT


Müstəqillik Günü münasibətilə Azərbaycan bəstəkarlarının əsərləri Moskvada səsləndirilib

Moskva, 29 may, AZƏRTAC

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda ölkəmizin Müstəqillik Günü münasibətilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramını Ümumrusiya və beynəlxalq müsabiqələr laureatları, nüfuzlu musiqi festivallarının baş mükafatlarını qazanmış musiqiçilər – İbrahim Nağıyev (violonçel) və Dmitri Sıqanov (fortepiano) açaraq, Qara Qarayev, Ələkbər Tağıyev və digər Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Konsert proqramı “Azərbaycan” pavilyonun qarşısında açıq səma altında davam edib. Rusiya paytaxtının və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qonaqları SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Russkiy balet” Moskva Vilayət Dövlət Akademik Teatrı solistlərinin ifasında Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə” baletləri, həmçinin Nazim Əliverdibəyovun musiqisinə Azərbaycanın tanınmış baletmeysterləri - R.Axundova və M.Məmmədovun quruluş verdikləri “Muğam” xoreoqrafiya miniatürləri məharətlə ifa olunub.

Pavilyonun direktoru Səadət Qədirova toplaşanları bayram münasibətilə təbrik edərək deyib: “Moskvada hətta hava da bizə köməkçi oldu. Yağışlı havanın olmasına baxmayaraq, görkəmli bəstəkarlarımızın əsərlərini səslənəndə göy üzü açıldı. Pavilyonumuzun qarşısında balet artistlərinin ifasında Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyovun əsərləri moskvalılara və pavilyonumuzun qonaqlarına xoş anlar yaşatdı. Azərbaycanın Müstəqillik Günündə harada yaşamasından, harada çalışmasından asılı olmayaraq, bir daha azərbaycanlı olmağımızdan qürur duyuruq”

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.