Müstəqillik Günü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi Mexikoda qeyd olunub VİDEO
AzerTAg.az
Bakı, 30 may, AZƏRTAC
Meksikanın paytaxtı Mexiko şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Meksika turizm nazirinin müavini Umberto Ernandez Haddad, Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Marko Antonio Peres Qaribay, digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş çoxsaylı səfirlər, diplomatik korpusun digər nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatlarının üzvləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara 104 il əvvəl Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən danışıb. Müstəqilliyinin bərpa edilməsindən sonra qarşılaşdığı çətinliklər, qısa müddət ərzində regional liderə çevrilən Azərbaycanın qazandığı nailiyyətlər, həmçinin ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı və dünyanın enerji və nəqliyyat xəritələrini dəyişmiş layihələrdən bəhs edib. Ölkəmizin dünyada mədəniyyətlərarası dialoqa verdiyi önəmli töhfələr haqqında məlumat verib.
Daha sonra otuz ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizin Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının şücaəti nəticəsində azad edildiyi, eyni zamanda, 44 günlük Vətən müharibəsinin yekunları barədə danışıb. Bildirilib ki, Azərbaycanın bu haqlı mübarizəsindəki tarixi Qələbəsi, regionda münaqişədən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlər və bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin yaradılması üzrə ortaya qoyulan səylər, eləcə də ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətindən bəhs edilib. Qeyd olunub ki, Azərbaycan multikultural və mədəniyyətlərarası dialoqa önəmli töhfə vermiş bir ölkə kimi tanınır.
Səfir Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 270 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təmsilçimiz şəhərin tarixi və zəngin mədəniyyəti barədə məlumat verərək erməni vandalizminin qurbanı olmuş Şuşada aparılan bərpa işləri, burada keçirilmiş beynəlxalq festival və digər tədbirlər barədə danışıb.
Həmçinin Azərbaycan ilə Meksika arasında münasibətlərdən söz açan diplomat bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu, bu müddət ərzində ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səmərəli şəkildə davam etdirildiyini vurğulayıb. Bildirib ki, həm işğal dövründə, həm də işğaldan sonra Meksika tərəfi Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.
Tədbirdə çıxış edən Meksika Turizm nazirinin müavini Umberto Ernandez Haddad, nazir Migel Torruko Markesin Azərbaycana Müstəqillik Günü münasibətilə təbrik mesajını çatdırıb. O, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycanın multikultural, zəngin mədəni və tarixi irsə, habelə təbii sərvətlərə malik olduğunu qeyd edərək, son illərdə ölkəmizdə turizm infrastrukturunun inkişaf etdiyini, Azərbaycanın bir çox beynəlxalq tədbirlərə, o cümlədən meksikalı pilot Çeko Peresin qalib olduğu Formula 1 yarışlarına ev sahibliyi etdiyini xüsusi qeyd edib. Meksika ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib.
Daha sonra tədbirdə çıxış edən meksikalı deputat, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Marko Antonio Peres Qaribay Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərindən, eləcə də xalqlarımızı yaxınlaşdıran tarixi-siyasi və mədəni-mənəvi dəyərlərdən söz açıb. O, meksikalı məşhur Formula 1 pilotu, oğlu Çeko Peresin Azərbaycanda keçirilən Formula 1 yarışlarında üç dəfə qalib kürsüsünə çıxdığını vurğulayıb, Azərbaycan xalqı tərəfindən göstərilən qonaqpərvərlik və səmimiyyətə görə ölkəmizə xüsusi rəğbət bəslədiyini qeyd edib.
Tədbirdə, həmçinin Mexiko Ştatı Simfonik Orkestrinin üzvləri olan həmvətənlərimizin ifasında məşhur Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirov və Q.Qarayevin əsərlərindən ibarət klassik musiqi əsərləri səsləndirilib.
Mərasimdə qonaqlara Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinə həsr olunmuş fotosərgi nümayiş olunub, zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.













Xəbərin mətnində orfoqrafik səhv var