DÜNYA
Müstəqillik arzusu ilə qovurulan “Gözəllik adası” – Korsika VİDEO
Fransanı İmperiya edən Napoleonun doğma yurdu hələ də müstəqillik əldə edə bilmir
Paris, 16 yanvar, AZƏRTAC
Bütün həyatı boyu Fransanın və hətta Avropanın hələ də faydalandığı institutların, islahatların, Fransa Bankı, Şərəf Legionu və İmperator Universitetinin, bakalavr dərəcəsinin yaradılması, eləcə də Fransanın bütün ərazisində qanunların tətbiqini ümumiləşdirən Mülki Məcəllənin hazırlanmasının təşəbbüskarı olmuş, cəsarətinə görə sevilən, despotizminə görə nifrət edilən Napoleonun doğma yurdu Korsika adası bu gün müstəqilliyi uğrunda mübarizə aparır.
Fransa üçün müxtəlif təşəbbüslər irəli sürən Napoleon bir-birinin ardınca qələbələrə nail olur və onun təsir dairəsi Qalliya sərhədlərini aşırdı. Məhz Bonapart ailəsi tərəfindən yaradılan İmperiya XIX əsrin əvvəlində artıq Avropada 130 inzibati departamentdən ibarət idi.
“Gözəllik adası” adlanan Korsikanın sakinləri 1729-cu ildə Genuyadan 4 əsrlik asılılığa son qoymaq üçün ayağa qalxır və 1735-ci ildə özlərini müstəqil elan edirlər. Genuya Fransanın dəstəyi ilə adanı yenidən fəth etməyə çalışır. Məğlub olan üsyançılar 1755-ci ildə millətin generalı elan edilmiş Paskal Paolinin başçılığı ilə yenidən müstəqilliyini bərpa etməyə çalışır. Elə həmin il müasir tarixdə tez-tez ilk demokratik konstitusiya sayılan Korsika Konstitusiyası qəbul edilir. O, icra, qanunverici və məhkəmə hakimiyyətini ayırır, qadınlar da daxil olmaqla, bütün ailə başçılarının ümumi seçki hüququnun əsasını qoyur.
Müharibədən yorulan Genuya 1768-ci il 15 may tarixli Versal müqaviləsi ilə artıq praktiki cəhətdən nəzarət etmədiyi Korsika üzərində hüquqlarını "müvəqqəti" olaraq XV Lüdovik Fransasına verdi. Elə bununla da müstəqilliyin yolu uzanır. Fransa kralı Korsika Respublikasının müstəqilliyini tanımaqdan imtina etdi və ölkə ilə birləşdiyini elan etdi. 1769-cu ildə Paskal Paolinin qoşunları məğlub olur, o, Böyük Britaniyaya qaçır. Nəticədə Korsika tənqidlər altında Fransanın idarəçiliyinə keçir.
1790-cı ildə fransız inqilabçılar Paskal Paolini adanın komandiri təyin etmək üçün geri çağırıblar. Milli Konvensiya ilə (1792-ci ilin sentyabrından 1795-ci ilə qədər Fransanın siyasi rejimi) fikir ayrılığı və terrordan narahat olan P. Paoli 1794-cü ildə Böyük Britaniyanın himayəsi altında Korsika Krallığının yaradılması üçün danışıqlar aparıb. 1796-cı ildə “Gözəllik adası” Fransanın tərkibinə keçir. Paskal Paoli və onun Konstitusiyası Korsikanın müstəqilliyinin simvolu kimi tarixdə qalır. 1769-cu ildə Ayaçço şəhərində anadan olmuş Napoleon Bonapart isə 1804-cü ildə Fransa imperatoru oldu.
Korsika XX əsrdə işsizlik və iqtisadi çətinlik altında
XX əsr boyu Korsika işsizlik və iqtisadi çətinliklər səbəbindən əhalisinin yarısını itirir. Bundan əlavə, adada turistlərə görə bir neçə qəsəbə salınır və daşınmaz əmlakın qiymətləri artır. 1957-ci ildə Korsika iqtisadiyyatını dirçəltmək üçün böyük tədbirlər planı işə salınır. 1957-ci ildə Fransanın ən kasıb departamenti Korsika olur.
Bununla belə, Əlcəzair müstəqillik əldə etdikdən sonra və ondan əvvəl on minlərlə “qara ayaq” adlandırılan fransız vətənə qaytarılır. Onlar təcili olaraq Korsika kəndlərinə yerləşdirilir və becərilə bilən torpaqların 90 faizini əldə edirlər. Bununla da korsikalıların etiraz tətilləri başlayır. Adanın təcrid olunması tələblərin radikallaşmasını sürətləndirir. Müstəqilliyə nail olmaq üçün regionçuluqdan muxtariyyətə keçmək kimi tələblər irəli sürülür.
1975-ci il avqustun 21-22-də Korsika Regionalist Aksiyasının (ARC) on ikiyə qədər yaraqlısı şərab sektorundakı fırıldaqlara və repatriasiya edilmiş insanların məskunlaşma şərtlərinə etirazlarını bildirmək məqsədilə Aleriyada “qara ayaq” adlanan (Əlcəzairdən gələn) fransızlar tərəfindən idarə olunan şərab anbarını zəbt edirlər.
Buna cavab olaraq Fransa hökuməti adaya 1200 nəfərdən ibarət təhlükəsizlik qüvvələri göndərir. Zirehli texnika və helikopterlər zəbt edilmiş binanı mühasirəyə alır. Bundan sonra Fransa hökumətinin sərt reaksiyasına qarşı bütün Korsikanı şiddətli iğtişaşlar bürüyür.
Korsika müstəqillik və muxtariyyət tərəfdarlarının parçalanması
1990-cı illərdə Korsika müstəqillik və muxtariyyət tərəfdarları arasında parçalanma baş verir. Nəticədə iki əsas qol yaranır: müstəqillik tərəfdarı olan Korsika Milli Azadlıq Cəbhəsi (FLNC Canal-Historique) və muxtariyyət tərəfdarları (FLNC Kanalı). Siyasi baxımdan müstəqillik özünüidarə və suverenlik, muxtariyyət isə xüsusi qanunlardan faydalanmaq imkanıdır.
1998-ci ilin fevralında Korsika prefekti Klod Erinyakın Ayaçço küçəsində öldürülür. Hesab edilir ki, o, çoban İvan Kolonna və mübarizəni yenidən başlamağa ümid edən FLNC-ə yaxın separatçıların kiçik bir qrupu tərəfindən güllələnib. 2003-cü ilə qədər gizlənən İvan Kolonna elə həmin il həbs olunur. Alən Ferrandi, Pyer Alessandri və İvan Kolonna ömürlük həbs cəzasına məhkum edilirlər.
2014-cü ildə yaydığı mətbuat açıqlamasında FLNC silahlı mübarizəni dayandıracağını elan edir. Vəziyyət sakitləşir. 2015-ci il dekabrın 13-də muxtariyyətçiləri və separatçıları birləşdirən "Pè a Corsica" (Korsika naminə) millətçi partiyası 35 faizdən çox səslə ərazi seçkilərinin ikinci turunda qalib gəlir. Koalisiya 2017-ci ildə ikinci turda böyük səs çoxluğu ilə (56 faiz) yenidən seçilir və Korsika Assambleyasında üstünlük əldə edir. Bu qələbə "Korsika kollektivi"nin yeni statusuna əlavə olaraq, muxtariyyətə doğru dialoq təklif edir.
Ancaq həbsdə olan İvan Kolonnanın 2022-ci ildə məhbus yoldaşının hücumuna məruz qalması və 2 həftədən sonra ölməsi “Gözəllik adası”nda vəziyyəti yenidən kəskinləşdirir. Etiraz nümayişləri və müstəqillik tələbləri yenidən gündəmi bürüyür. İvan Kolonnanın ölümü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. “Xüsusi məhbus” statusu ilə saxlanılan İvan Kolonna həbsxanada daim xüsusi müşahidə altında olmalı idi və ona hücum mümkünsüz olmalı idi.
Korsikalı gənclər kolleclərə, liseylərə və universitetlərə getməyərək, bu hadisəyə daha sərt reaksiya verirlər. Polislə toqquşmalar baş verir. İvan Kolonna müstəqillik partizanları tərəfindən gizlədilən və ənənəvi olaraq sakinlərin həmrəyliyi ilə yaşayan - şərəf mifinin müasir şəxsiyyəti hesab olunur. Vəziyyəti sakitləşdirmək üçün adaya səfər edən daxili işlər naziri Jerald Darmanən ona muxtariyyət verməyə açıq olduqlarını deyir. Ancaq prezident seçkiləri ərəfəsində verilən vədin seçki bəyannaməsi və ya dialoq vədi olmasını zaman göstərəcək.
İvan Kolonnanın ölümü ilə bağlı üç araşdırma aparılır: ədalət mühakiməsi tərəfindən aparılan araşdırma, disfunksiyaları aşkar edən həbsxana rəhbərliyinin hesabatı və parlament aspekti.
Lakin Erignac komandosu hadisəsi Pyer Alessandrinin yarıazadlıq tələbinin rədd edilməsindən sonra Korsika-Paris münasibətləri yenidən qaranlığa qərq olub. Korsikanın seçilmiş rəsmiləri danışıqlar masasını tərk edirlər.
Antiterror hökmlərinin tətbiqi üzrə Apellyasiya Palatası yanvarın 31-də hökm çıxaracaq. Jerald Darmanənin iki ardıcıl ləğvdən sonra prosesi yenidən başlatmaq üçün nəhayət yanvarın 31-dən sonra Korsikaya qayıtmalı olacağı bildirilir.
Gözəllik adası” isə müstəqillik arzusu ilə qovurulur ...
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris