Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müstəqillik tariximizə möhtəşəm imzalar yazan 28 il

Müstəqillik tariximizə möhtəşəm imzalar yazan 28 il

Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrün tələbi, bu günümüz üçün möhkəm təməl oldu

Bakı, 20 noyabr, AZƏRTAC

Çağdaş tariximizdə baş verən önəmli hadisələr, xüsusilə yaxın keçmişimizlə bu günümüzün müqayisəli təhlili hər zaman keçilən yola nəzər salmağı, həmin dövrün reallıqlarını bir daha göz önünə gətirməyi bir zərurətə çevirir. Bu günlər müasir müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkəmizin, eyni zamanda, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatına çevrilən, hazırda sıralarında 760 mindən artıq üzvü birləşdirən, ən başlıcası dövlətinə, xalqına xidməti fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik. Qısa müddətdə keçilən şərəfli yol partiyanın 28 illik fəaliyyətinin aydın mənzərəsini yaradır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən deyil, ənənəmizə bir qədər dəyişiklik edib bu günümüzün reallıqlarından, uğurlarımızdan başlamaq, arxada qalan illərə nəzər salmaq istərdik. Çünki bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri 30 ildən sonra çağdaş tariximizin bu günlərdə yazılan ən möhtəşəm və parlaq səhifəsinin sevincini yaşayır, hər bir soydaşımız sonsuz fəxarət və qürur hissi ilə “Gözün aydın, Azərbaycan! Qələbən mübarək!” söyləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin “Müstəqillik tariximizə möhtəşəm imzalar yazan 28 il” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Hər birimiz fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçiririk ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. 10 noyabr şanlı Qələbəmiz 30 illik həsrətə, nisgilə, sıxıntılara son qoydu. Xalqımız bu Qələbəni böyük coşqu, sonsuz sevinclə qeyd edir. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, milli qürurumuzun, milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur duyuruq. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin əyani təzahürüdür. Vətən müharibəsi başlayan andan 50 siyasi partiyanın bir araya gələrək birgə bəyanat imzalaması xalq-iqtidar birliyinin təcəssümüdür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı qəhrəman Prezidentini qarşılayan qalib xalq öz müdrik rəhbərinə sonsuz sevgi və ehtiramını bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı Qələbə sevincini xalqımızla birgə yaşadı, onlarla paylaşdı. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına noyabrın 16-da etdiyi səfər qalib xalqın qəhrəman Ali Baş Komandanının tarixi səfəri kimi dəyərləndirildi. Bu səfər işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanmasının rəmzidir. “Qarabağ Azərbaycandır və nida” deyən dövlətimizin başçısı İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə bir daha həmin nidanı qoydu. Möhtərəm Prezidentimizin ictimaiyyət nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, Ermənistan bundan sonra rəzalət damğası ilə, Azərbaycan isə qürur hissi ilə - müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi yaşayacaq.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir. Azərbaycanın müstəqillik tarixinin uğurlarının, qələbələrinin bələdçisi olan Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə də şahidlik etdi. Hər bir qələbə xəbəri partiyanın çoxminli üzvləri tərəfindən böyük coşqu ilə qarşılandı. Noyabrın 10-da Yeni Azərbaycan Partiyasının qərargahının qarşısında möhtəşəm Qələbəmiz münasibətilə təşkil olunan tədbirdə bir daha vurğulandı ki, Qələbənin əldə olunmasında güclü Azərbaycan dövləti mühüm rol oynadı. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyini təmin etməkdir ki, Azərbaycan dövləti də bunu bacardı. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin müəllifi, qəhrəmanı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini əyani surətdə gördük. Bu gün cənab İlham Əliyev ümumilikdə Cənubi Qafqaz regionunun lideri kimi qəbul olunur. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində xalqımızın öz tarixinin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etdi. Eşq olsun Ali Baş Komandana! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Eşq olsun, məğrur Azərbaycan xalqına!

Dəyişməz strateji hədəflərimiz: Suverenliyimizi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, eyni zamanda, o dövrdə baş verən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. 1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyinin, idarəçilik qabiliyyətlərinin yoxluğunun, öz şəxsi ambisiyalarının quluna çevrilmələrinin nəticəsi olaraq ölkəmizdə ictimai-siyasi vəziyyət günbəgün gərginləşir, xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedir, Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil, ayrı-ayrı siyasi dairələrin maraqlarının müdafiəçisinə çevrilərək torpaqlarımızın işğalına şərait yaradır, xalqın sabaha olan ümidləri puça çıxırdı. Belə bir gərgin dövrdə 91 nəfər vətənpərvər insan tarixi missiyanı öz üzərinə götürərək ulu öndər Heydər Əliyevə xalqın arzu və istəklərini özündə əks etdirən müraciət ünvanladı, xalqımızı belə çətin vəziyyətdən xilas edəcək şəxsin Ümummilli Lider olduğunu bildirdi. Bu tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında əvəzsiz rol oynayacağı xüsusi qeyd edildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə gördüyü işlərlə, Azərbaycanın davamlı inkişafına verdiyi əvəzsiz töhfələrlə xalqımızın böyük sevgisini, rəğbətini, dəstəyini qazanmışdı. Xalqımız bilirdi ki, onu bu çətin vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətin idarəçilik təcrübəsi, nüfuzu, dövlətinə, xalqına, Vətəninə bağlılığı xilas edə bilər. Bir sözlə, xalq öz ümidini ümummilli lider Heydər Əliyevə bağlamışdı. Məhz 91 nəfər ziyalının müraciəti də xalqın böyük əksəriyyətinin istəyini və dövrün tələbini özündə əks etdirirdi. Ümummilli Lider “91-lər”in müraciətinə cavabı ilə xalqa nə qədər yaxın olduğunu, ölkəmizin gələcəyini, dövlətimizin müstəqilliyini düşündüyünü bir daha əyani şəkildə nümayiş etdirdi. Həmin illərin gərgin hadisələri Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu Öndərin ziyalıların müraciətinə cavabında da müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inam ifadə edilmişdi.

1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Amma o dövrün mənzərəsinə nəzər saldıqda Azərbaycanın gələcəyi heç də parlaq görünmürdü. Belə ki, separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunlar müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı mənzərəni tamamilə dəyişdi, Azərbaycanı üzləşdiyi bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək uğurlarına yol açdı. Azərbaycan dövlət müstəqilliyini qorudu, bu günümüz üçün möhkəm təməlin qurulması nəticəsində müstəqilliyimizin ilk illərinin çətinlikləri aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi varlığını dünyaya sübut etdi. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Ulu öndər Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyinə böyük əminlik yarandı. Yeni Azərbaycan Partiyasının qısa müddətdə milyonların sevgisini qazanmasının, xalqın partiyasına çevrilməsinin tək bir səbəbi var idi: Ümummilli Liderə xalqın sonsuz sevgisi və inamı! Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etdi, müstəqilliyimiz əbədi, dönməz oldu. Cənab İlham Əliyev bu günlərdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha diqqəti müstəqilliyimizin ilk illərinin reallıqlarına yönəldərək bildirmişdir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsinə başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır. Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur.

1993-2003-cü illərdə Azərbaycanda heç bir sahənin inkişafı diqqətdən kənarda qalmadı

Ümummilli lider Heydər Əliyev ölkə həyatında baş verən ən xırda problemə belə həssaslıqla yanaşdı və onun həllinə çalışdı. Bir zamanlar xəyal edilən iqtisadi layihələr həyata keçirildi. 1994-cü il mayın 12-də Ulu Öndərin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunmasından sonra elə həmin ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələri olan BTC və BTƏ neft-qaz layihələrinin təməli qoyuldu. Dahi şəxsiyyətin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün sahələrin inkişafında öz aydın ifadəsini tapdı. Dövlətçiliyin əsasları yaradıldı, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı uğurlara yol açdı. Azad mətbuat inkişaf etdi, insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi demokratik təsisatların inkişafı təmin olundu. Ən əsası 1995-ci ilin 12 noyabrında milli Konstitusiyamız qəbul edildi. Azərbaycan beynəlxalq aləmdə yerini və mövqeyini möhkəmləndirdi. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin inkişafı Azərbaycan həqiqətlərinin təbliğində, erməni diasporunun Azərbaycanın ətrafında yaratdığı informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı.

Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi inkişafını təmin edən strategiyanı hazırladı və dahi rəhbərin layiqli davamçısı cənab İlham Əliyev bu strategiyanı uğurla həyata keçirdi. Bütün bunların nəticəsidir ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən danışmaq qeyri-mümkündür. Azərbaycan dünya birliyində də böyük nüfuza malik dövlət, söz sahibi kimi siyasi çəkisini artırır. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, iqtisadi imkanların artması fonunda insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın.

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi

Partiyanın sıraları ötən 28 ildə kəmiyyət və keyfiyyət baxımından zənginləşib. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir və onların 40 faizdən çoxu gənclərdir. 28 illik şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası bu gün də ulu öndər Heydər Əliyevin ideyaları əsasında yaşayır və inkişaf edir. Dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni bir səhifə açdı. Partiyamız yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi.

Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz yeri, rolu vardır. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir: “O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. “Yeni Azərbaycan Partiyası hər bir çətinlikdən şərəflə çıxmış, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməklə davamlı uğurlara imza atır. YAP ölkədə keçirilən bütün seçki proseslərindən qələbə ilə çıxaraq tarixə qələbələr, uğurlar partiyası kimi daxil olub. Hər bir qələbə xalqımızın partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqəti, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyinin ifadəsidir. YAP hər zaman yeniliyə, təkmilləşməyə meyil göstərən partiyadır. Son bir ilin uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının ölkədə həyata keçirilən islahatlardan qanunverici orqanın da kənarda qalmaması, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsini xüsusi qeyd etməliyik. Prosedur qaydalarına uyğun olaraq atılan addımların sonunda dövlətimizin başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamına uyğun olaraq bu ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Diqqət çəkən əsas məqamlardan biri yeni parlamentin formalaşmasında siyasi sistemin təkmilləşməsinə xidmət edən addım kimi müxalifət partiyalarının nümayəndələrinin də rəhbərlikdə, komitələrə sədrlikdə təmsil olunmalarıdır. Belə ki, Milli Məclisin sədr müavinlərindən biri müxalifət təmsilçisidir. Bu hallara dünya praktikasında rast gəlinmir. Azərbaycan dövləti daim siyasi partiyalar arasında birliyin, həmrəyliyin, siyasi dialoqun tərəfdarı olub və bu istiqamətdə zəruri addımlar atır. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məqsədə xidmət edir.

Davamlı inkişafa, təkmilləşməyə xidmət edən hər bir addım, eyni zamanda, demokratik dəyərlərə sadiqliyin sözdə deyil əməldə təsdiqini tapması Azərbaycanın demokratik ölkə imicinə yeni əlavələr edir. Yeni Azərbaycan Partiyası “Yeni hədəflərə doğru” çağırışı ilə hər zaman əldə olunan uğurlarla kifayətlənmədiyini, daim irəliyə doğru addımladığını təsdiqləyir. Partiya, eyni zamanda, beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafına böyük töhfələr verir. YAP-ın müasir dövrün çağırışlarından olan sivilizasiyalararası dialoqa töhfələri davamlıdır, partiya yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ümumiyyətlə, YAP-ın bütün addımlarının əsasında bir məqsəd dayanır: Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək, yüksək rifaha dəstək olmaq, ölkəmizin beynəlxalq nüfuzunu artırmaq.

Son 17 il: Yeniləşmə, təkmilləşmə dövrü

Ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində ölkəmizin bu günü üçün gördüyü işlər fonunda bu çağırışlar öz əksini tapmışdı: “Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin son 17 ildə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi bu dövrün əsas prioritetləri sırasındandır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Cənab İlham Əliyev bu fikri də daim diqqətə çatdırır ki, iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolu böyükdür. Azərbaycan bu müddətdə dünyanın enerji xəritəsini dəyişdi. Ölkəmizin bu sektorda qazandığı uğurlar onun etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ilin mayında çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Cari ilin sonuna qədər TAP-ın istifadəyə verilməsi nəzərdə tutulub.

Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması qeyri-neft sektorunun inkişafını sürətləndirir. Artıq regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı uğurla icra edilib və dördüncü sənədin icrası davam edir. Son 17 ildə 2 milyona yaxın yeni iş yeri yaradılıb. Bir məqamı da unutmayaq ki, hazırda bütün dünya, o cümlədən Azərbaycan COVID-19-la mübarizə aparır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən mübarizə tədbirlərini gücləndirməklə insanların sağlamlığını qorumaqla yanaşı, pandemiyanın iqtisadi və sosial fəsadlarını aradan qaldırmaq üçün səylər göstərdi. COVID-19-un digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da təsiri inkaredilməzdir. Postpandemiya dövrü üçün hazırlanan inkişaf strategiyası yaranmış çətinliklərin qısa müddətdə aradan qaldırılmasını təmin edəcək.

Bir sözlə, son 17 il bütün istiqamətlərdə davamlı uğurlarla xarakterizə olunur. Dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə həm ölkəmizin sosial-iqtisadi, həm də demokratik inkişafını sürətləndirir. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi yeni-yeni hədəfləri stimullaşdırır.

Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, müasir dünyagörüşə, zəngin biliyə, savada malik olan gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi cari ildə də prioritet məsələ olub və əsas tələb dövlət maraqlarının qorunması, məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə tənzimlənməsidir.

Son 17 ildə Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Pandemiya dövründə də Azərbaycan birlik, həmrəylik çağırışlarını irəli sürdüyü təşəbbüsləri ilə gerçəkləşdirdi. Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, eyni zamanda, dekabrın 3-4-də keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşəbbüskarı Azərbaycandır, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Dövlətimizin başçısı İlham Əliyevin bir il bundan öncə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı və onun 44 gündə şanlı Qələbəyə imza atmağımızla reallığa çevrilməsi işğalçı dövlətə və onun havadarlarına ciddi dərs oldu.

Azərbaycan dünyada tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi də tanınır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi multikulturalizmin dövlət siyasətinin əsası olduğunu bir daha təsdiqlədi. 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə tarixinə sahib çıxan dövlət, xalq olduğunu dünyaya nümayiş etdirən Azərbaycan 10 noyabr 2020-ci il şanlı Zəfəri ilə bunu reallıqda gerçəkləşdirdi. Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə hesablanmış inkişaf strategiyası Azərbaycana daha böyük uğurlar qazandıracaq.

İdarəçilik sistemində təkmilləşmə davamlı inkişafın əsası kimi

Son 17 ilin uğurları sırasında 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər arasında prezidentlik müddətinin 7 ilədək uzadılmasını, vitse-prezidentlik institutunun yaradılmasını xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin fevralında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığını şərtləndirən əsas amillərdəndir. Mehriban xanım Əliyeva təqdimat mərasimində bildirmişdir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.” Azərbaycanın Birinci vitse-prezidenti bu əminliyi də ifadə etmişdir ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.”

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqımız tərəfindən yüksək dəyərləndirilir. Hər bir vəzifənin özündə ehtiva etdiyi məsuliyyətin ümumi məqsədi dövlətə, xalqa xidmət, Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Heydər Əliyev siyasətinin uğurlarını təbliğ etmək, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın davamlı inkişafına, müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinə xidmət edən siyasətinin gerçəkləşməsinə dəstək olmaqdır. Möhtərəm Prezidentimizin və Azərbaycanın Birinci vitse-prezidentinin birgə səyləri nəticəsində yeni-yeni hədəflərin reallığa çevrilməsinə nail olan Azərbaycan bu gün qalib ölkə kimi dünyanın diqqətindədir.

Son illərdə hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmələr ölkəmizin dövrün, zamanın hər bir çağırışını yüksək səviyyədə cavablandırmasının təsdiqidir. Bu uğurlar fonunda işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin miqyası genişlənəcək, həmin ərazilərimizdə yeni həyat başlayacaq, Azərbaycan möhtəşəm uğurları, yeni inkişaf modeli ilə yenə də dünyanın diqqətində olacaq.

Məğrur, yenilməz xalqın qalib Prezidentinə milyonların sevgisi şəksizdir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə xarici mediaya müsahibələrində söylədiyi “Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır” fikirləri son 17 ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.

Azərbaycan yeganə problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oldu, ərazi bütövlüyünü bərpa etdi.

Təbii ki, Azərbaycanın 29 illik müstəqillik tarixinin 28 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının bu illər ərzində keçdiyi şərəfli yolu bir yazı çərçivəsində tam əhatə etmək qeyri-mümkündür. Hər günü tarixinə əhəmiyyətli hadisələrlə daxil edən partiyaya xalqın inamı, dəstəyi sonsuzdur. Bu birlik fonunda partiya müasir müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə öz davamlı töhfələrini verəcək.

Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin hər birini şanlı Qələbəmiz, eyni zamanda, partiyanın yaradılmasının 28-ci ildönümü münasibətilə təbrik edir, bol-bol uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb