CƏMİYYƏT


“Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tbilisi, 23 yanvar, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar və 9 Aprel hadisələri ilə əlaqədar elan etdiyi “Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yanvarın 22-də Azərbaycanın Gürcüstandakı səfirliyində müsabiqənin qalibləri ilə görüş keçirilib, onlara mükafatlar təqdim olunub.

Mərasimdə Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili də iştirak edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev müsabiqənin əhəmiyyətindən danışıb, yarışda iştirak edənlərə təşəkkürünü bildirib. O, hər iki xalqın müstəqillik yolundakı mübarizəsindən, bu yolda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən danışıb.

Bildirib ki, müstəqilliyimizin bərpası ilə nəticələnən hər iki hadisə Azərbaycan və Gürcüstanda milli kimliyin formalaşmasına zəmin yaradıb. Şəhidlərin qanları hesabına əldə olunmuş müstəqillik əbədi və dönməzdir.

Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili müsabiqənin təşkilinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

Nazir müavini deyib ki, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər, onların xatirəsi əziz tutulmalı və yaşadılmalıdır.

O, müsabiqə iştirakçılarını və qalibləri təbrik edib, bu cür tədbirlərin təşkilinin gənc nəslin milli ruhda böyüməsində mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, müsabiqəyə hər iki nominasiya üzrə 52 iş təqdim olunub. İlk üç yeri tutan iştirakçılara diplom və hədiyyələr, müsabiqənin iştirakçılarının hamısına təşəkkürnamələr, fərqlənən işlərə görə isə sertifikatlar verilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.