SİYASƏT
Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq təminatın olmaması üzündən cəmi 23 ay yaşadı. İkinci tarixi şans isə 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Dövlət müstəqilliyimizin bərpasından təxminən iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bu zaman böyük siyasi təcrübəyə malik ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Sonra konfransda “Azərbaycan milli azadlıq hərəkatının dövlət müstəqilliyinin bərpasında rolu” və “Azərbaycan Respublikasının son 25 ildə əldə etdiyi iqtisadi uğurlar” mövzularında məruzələr dinlənilib.