REGİONLAR
Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir
Sumqayıt, 18 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq Dövlət Müstəqillik Gününün yaranma tarixindən, xalqın müstəqillik uğrunda gərgin mübarizəsindən danışıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri üzərində 1991-ci ildə yenidən müstəqil Azərbaycan dövləti yaranıb. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir deyən rektor vurğulayıb ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Müstəqilliyi elan etmiş Azərbaycan çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Böyük siyasi təcrübəyə malik ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Konfransda “Azərbaycan Respublikasını dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyin bərpası”, “Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu məsələləri”, “2003-2018-ci illər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində yeni mərhələdir”, “Müstəqil Azərbaycan Respublikasında elmin, təhsilin və mədəniyyətin inkişafı” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə 27 il əvvəl Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyytəindən, həmçinin müstəqil Azərbaycanın keçdiyi şərəfli yoldan, Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində, o cümlədən elm sahəsində qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.
Məruzələrdə qeyd edilib ki, Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edildi, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu.
Qeyd edək ki, universitetin bütün fakültələrində Dövlət Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil olunub.