REGİONLAR
Müstəqilliyimizin yenidən bərpası və qorunub saxlanması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Sumqayıt, 28 may, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə əlaqədar tədbir keçirilib.
Universitetdən AZƏRTAC –a bildirilib ki, Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə universitetin rektoru professor Elxan Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb.
Bildirilib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, milli dövlətçilik tariximizin ən yadda qalan mərhələlərindən biridir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə sovet hakimiyyətinin qurulmasına baxmayaraq, xalqımız azadlıq uğrunda mübarizə amalından bir addım belə geri çəkilmədi.
Azərbaycan xalqı 70 il Sovet sosialist sistemi şəraitində yaşadı, böyük iradə və yüksək ictimai şüur nümayiş etdirərək, minlərlə şəhid verərək yalnız 1991-ci ildə ikinci dəfə müstəqilliyimizi bərpa etdi. Təbii ki, ikinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı, müstəqilliyimiz əbədi və dönməz oldu. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf dövrünü yaşayır.
Tədbirdə “Azərbaycan Demokratik Respublikasının tarixdə yeri”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, “ADR-in maarif və mədəniyyət sahəsində fəaliyyəti” və “Azərbaycan Xalq Cümhuriyyətinin erməni daşnaklarına qarşı mübarizəsi” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə Şərqində ilk demokratik cümhuriyyətin Azərbaycanda yaranmasının tarixi və siyasi aspektlərindən, çətin və şərəfli yolundan, xalq cümhuriyyətinin süquta uğramasının səbəblərindən danışılıb. Bildirdilər ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, ölkədə təhsil, səhiyyə, iqtisadiyyat sahələrində bir çox uğurlar qazanılıb. Həmin dövlətin siyasi varisi olan müstəqil Azərbaycan Respublikası sürətlə inkişaf edir və beynəlxalq aləmə inteqrasiya olunur. Müstəqilliyimizin yenidən bərpası və qorunub saxlanması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin təntənə ilə qeyd olunması Prezident İlham Əliyevin xalqımızın tarixi keçmişinə, bugününə və gələcəyinə çox hörmətlə yanaşmasının göstəricisidir.