SİYASƏT


Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Kəngərli, 27 may, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir”.

Ulu Öndərimizin müəllifi olduğu dövlət müstəqilliyinin bəhrəsi qüdrətli Azərbaycandır. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirir. “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvan Muxtar Respublikasında hər bir yaşayış məntəqəsinin davamlı inkişafına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istifadəyə verilib.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı fəaliyyətə başlayıb

Mayın 27-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bank sisteminin inkişafı diqqətdə saxlanılır. 12 ilə yaxındır Azərbaycanın yeganə regional bankı kimi fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublika vətəndaşlarının, kiçik və orta sahibkarların etibarlı maliyyə dəstəkçisinə çevrilib. Bank nağdsız ödənişlərin inkişafı üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən elan edilmiş müsabiqələrdə Azərbaycan bankları arasında “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında birinci, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə isə üçüncü yerə layiq görülüb. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatı və biznesin inkişaf etdirilməsi üçün sərfəli kredit bazarını formalaşdırmağa çalışır. Bankın 1 may 2020-ci il tarixə kredit portfelinin həcmi 103 milyon 146 min manatdır ki, bunun da 59 milyon 327 min manatını muxtar respublikada kənd təsərrüfatı və real sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlər təşkil edir. Eyni zamanda, əhalinin vaxt məhdudiyyəti olmadan məsafəli bank xidmətlərindən yararlanması üçün şərait yaradılıb və internet bank xidmətlərinin göstərilməsi təmin edilib. Azər Məmmədov Naxçıvan Muxtar Respublikasında maliyyə sahəsində aparılan islahatlara, eləcə də bank sektorunun inkişafına göstərilən qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da fəaliyyəti verilən tapşırıqlara uyğun quracaqlarına və əhaliyə keyfiyyətli bank xidmətləri göstərəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının istifadəyə verilməsi münasibətilə kollektivi və rayon sakinlərini təbrik edərək deyib: “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən dövrdə Kəngərli rayon filialı da daxil olmaqla bankın 6 filialı və 1 mübadilə şöbəsi, eləcə də təsisçisi və səhmdarı olduğu “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bank 40 bankomat, 50 ödəniş terminalı, 840 POS-terminaldan ibarət ödəniş infrastrukturuna malikdir. Ötən dövrdə bank mövcud imkanlardan istifadə edərək muxtar respublika bazarında uğurla fəaliyyət göstərmiş, əhali rəğbəti qazanmışdır.

Ali Məclisin Sədri bankın kollektivinə və bu işlərdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: Hər bir bank fəaliyyət göstərdiyi yerin inkişafına və əhalinin güzəranın yaxşılaşmasına töhfə verməlidir. Bank bu məsələni daim əsas götürməli, fəaliyyətini təhlil etməli, kreditlərin aşağı faiz dərəcəsində olmasına çalışmalı, tələbatı nəzərə almalıdır. Fəaliyyətin bu cür qurulması həm bankın, həm də təsərrüfatların inkişafına imkan verəcəkdir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivi əhalinin onlara olan etibarını bundan sonra da qoruyub saxlamalı, ölkəmizin şəffaf fəaliyyət göstərən bankları sırasında öz yerini qorumalıdır. Bankın istifadəyə verilməsi hər bir yerin əsas inkişaf göstəricisidir. Verilən kreditlərin əlçatan olması, əkinçiliyin, maldarlığın və digər təsərrüfat sahələrinin inkişafına yönəldilməsi bankın fəaliyyət istiqaməti olmalıdır. Kəngərli muxtar respublikanın yeni yaranan rayonudur. Rayonda kənd təssərüfatının inkişafı əsas yer tutur. Digər bir tərəfdən məskunlaşma artır. Ona görə də Kəngərli rayonunda kənd təsərrüfatı və ipoteka kreditlərinin verilməsi diqqətdə saxlanılmalıdır.

Ali Məclisin Sədri deyib: 28 May Respublika Günü ərəfəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının istifadəyə verilməsi müstəqilliyimizin bəhrələrindəndir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir”. Ölkəmizdə Heydər Əliyev siyasətinin davam və inkişaf etdirilməsi müstəqilliyimizi qoruyub saxlamış, bütün sahələrin, eləcə də bank sisteminin inkişafını təmin etmişdir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də müstəqillik illərində yaranmış və inkişaf yolu keçmişdir.

Ali Məclisin Sədri 28 May Respublika Günü münasibətilə tədbir iştirakçılarını və onların timsalınada bütün muxtar respublika sakinlərini təbrik edib.

Baxış zamanı bildirilib ki, ikimərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda, kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.

Sonra bankın dövriyyədə olan kartları barədə məlumat verilib. Bildirilib ki, hazırda bankda 12 növ kartla müştərilərə xidmət göstərilir. “Debit Master” kartı təmassız ödəniş sisteminə malikdir. Bu kartla digər banklara məxsus bankomatlardan istifadə etdikdə əlavə xidmət haqqı tutulmur. Həmçinin alış-veriş zamanı və ictimai nəqliyyatlarda pin kod tələb olunmadan təmassız ödəniş etmək mümkündür. Lokal kart isə arıçılar üçün nəzərdə tutulub. Yəni arıçılıqla məşğul olanlar hər arı ailəsi üçün verilən dövlət dəstəyini bu kart vasitəsilə ala biləcəklər.

Bina istiliklə təchiz olunub, həyəti abadlaşdırılıb, işıqlandırma və suvarma sistemləri çəkilib.

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su şəbəkəsinin tikintisinin aparılması nəzərdə tutulub. Layihəyə əsasən 244,5 kilometr su və 87,1 kilometr kanalizasiya şəbəkələri tikiləcək, 5845 su və 1962 kanalizasiya birləşməsi aparılacaqdır. Bugünə qədər müxtəlif diametrli borularla 69,5 kilometr su və 9,9 kilometr kanalizasiya xəttinin tikintisi başa çatıb, 120 su birləşməsi aparılıb. Yeni qazılacaq 25 subartezian quyusunun hər birinin gücü saniyədə 8 litrdir. Bu günə qədər 4 quyu qazılaraq yuma işləri aparılıb.

Subartezian quyularından sutəmizləyici qurğuya qədər diametri 110 millimetrdən 355 millimetrə qədər olan borularla 6,4 kilometr uzunluğunda boru xətti çəkiləcək, su ozonla dezinfeksiya olunaraq yeni tikiləcək 2 xam su anbarına vurulacaqdır. Daha sonra sutəmizləyici qurğuda təmizlənən su hər birinin tutumu 7500 kubmetr olan 2 təmiz su anbarına yığılacaq və öz axını ilə şəbəkəyə ötürüləcəkdir. Təmiz su anbarlarının dəmir-beton işləri başa çatdırılıb. Qarabağlar kəndinə suyun verilməsi üçün təmiz su anbarından nasoslar vasitəsilə su kəndin yuxarı hissəsində tikiləcək 2 su anbarına vurulacaqdır. Təmiz su anbarı ilə həmin su anbarları arasındakı təzyiqli boru xəttinin 2,5 kilometrinin tikintisi başa çatdırılıb.

Kanalizasiya suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.

Ali Məclisin Sədri layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə sahiblik nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Ali Məclis Sədrinin tapşırığına əsasən muxtar respublikanın qədim yaşayış məntəqələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub.

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan bərpa işləri ilə maraqlanıb.

Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov məlumat verib ki, 2 günbəzli Şahtaxtı hamamı düzbucaqlı arxitektura quruluşuna malikdir. Hamamın günbəzləri eyni ölçülü olub, diametri 5, xaricdən hündürlüyü isə 1,3 metrdir. Tavanda açılmış bacalar vasitəsilə işıqlandırılan hamam yarımyeraltı formada inşa edilib ki, bu da istiliyin qorunmasına və su ilə təchizatın yaxşılaşmasına şərait yaradıb. Hamam xaricdən travertin daşlarla, daxili divarları, tağ və günbəzləri qədim növlü kərpiclə, binanın dam örtüyü və günbəzlərin üst qatı isə alüminium vərəqlərlə üzlənib. Sahəsi 215 kvadratmetr olan hamamda qadın gözəllik salonu, dərzi, rəssam və fotoqraf otaqları ayrılıb. Yeni xidmət sahələrində 4 nəfər işlə təmin olunub. Arif Əzizov tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən işlərə görə bərpaçılar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahtaxtı kəndindəki Şərq hamamının bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Muxtar respublikada Şərq üslubunda tikilmiş 10-a yaxın tarixi hamam qeydiyyata alınmış, Ordubad və Naxçıvan şəhərlərindəki, Şərur rayonunun Yengicə kəndindəki qədim hamamlar bərpa olunmuşdur. Bu gün isə Şahtaxtı kəndindəki hamam yenidənqurmadan sonra istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Şahtaxtı kəndindəki Şərq hamamı uzun illər bu ərazidə yaşayan insanların sağlamlağına və təmizliyinə xidmət edib. Hamamın tarixi abidə kimi bərpası vaxtilə onu tikənlərin də xatirəsinin yad edilməsidir. Bu abidə xalqımızın mədəniyyətinin və təfəkkürünün göstəricisi olmaqla yanaşı, həm də muxtar respublikada bioqazla qızdırılan ilk hamam olmuşdur. Hamamı tikdirən İsa Sultan Şahtaxtinski Azərbaycanın qədim İrəvan şəhərində anadan olmasına baxmayaraq sonradan ailəsi Şahtaxı kəndinə köçmüşdür. O, Tiflisdə realnı gimnaziyanı bitirmiş, Sankt-Peterburqda təbiət elmləri üzrə təhsil almışdır. İsa Sultan Şahtaxtinski təbiət elmlərini dərindən bildiyi üçün bioqazla qızdırılan ilk hamamı da Şahtaxtı kəndində quraraq əhalinin istifadəsinə vermişdir. Ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərən hamam sonradan dağıntılara məruz qalmışdır. Lakin muxtar respublikada tarixi-mədəni irsin qorunması sahəsində görülən işlərin davamı olaraq hamam abidə kimi qeydiyyata alınmış və 2019-cu ildən etibarən bərpa olunmuşdur.

Ali Məclisin Sədri abidənin yenidən qurulmasında iştirak edən bütün bərpaçılara təşəkkür edib.

Hamamda yaradılan xidmət sahəsində işlə təmin olunan rəssam Fikrət Babayev deyib: Bu gün hər birimiz üçün tarixi və yaddaqalan gündür. Hər birimiz üçün qürurvericidir ki, muxtar respublikamızda tarixi abidələrə böyük dəyər verilir, onlar qorunub gələcək nəsillərə ötürülür. Bu tədbirləri kəndimizdə qədim hamamın bərpası ilə bir daha gördük. Digər tərəfdən rəssam kimi mənə də bu binada işləmək üçün şərait yaradılıb. İndiyədək işləmək üçün mənim ayrıca emalatxanam olmayıb. Fikrət Babayev kənd sakinləri və kollektiv adından yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib, qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbriklərini çatdırıb.

Abidənin ətrafı abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yola asfalt örtüyü verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.