MƏDƏNİYYƏT
“Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası Şuşa teatrının təqdimatında
Bakı, 23 mart, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrı Bahar bayramı günlərinin daha şən, daha mənalı keçməsi üçün teatrsevərlərə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, tamaşa martın 23–də Fəvvarələr meydanında (Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin arxası) təqdim olunub.
Bir hissəli məzhəkədə Mirzə Ələkbər Sabirin “Bəhri-təvil”indən, Səməd Mənsurun “Həpsi rəngdir” və “Gülməlidir” qəzəllərindən istifadə olunub.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar Artist Loğman Kərimovdur.
Açıq havada təqdim olunan səhnə əsərində rolları Əməkdar Artist Azad Məmmədov, aktyorlar Teymur Məmmədov, Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Hamlet Qənbərov, Zəhra Salayeva, Yaşar Muradov, Ruhiyyə Həsənova və Mobil Qurbanov ifa ediblər.
Bu komediyada yeniliklə köhnəliyin mübarizəsi çox inandırıcı dramatik səhnələrdə təsvir edilmiş və müəllif əsərin ideyasını böyük uğurla tamaşaçılara çatdıra bilmişdir.
"Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə yeni və müasirdir. Əsər öz əhəmiyyətini indi də saxlayır.