REGİONLAR


“Mütaliə aylığı”nda keçirilən tədbirlərdə 11 mindən çox şagird iştirak edib

Naxçıvan, 30 aprel, AZƏRTAC

Muxtar respublikada “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərə, ümumilikdə, 11 mindən çox şagird cəlb olunub. Bununla yanaşı, ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin gücləndirilməsi məqsədilə kitabxanaçılar üçün kurs təşkil edilib, gənc müəllimlərin iştirakı ilə Mətanət Məmmədovanın “Naxçıvan blokadası” kitabının müzakirəsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri aprelin 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov deyib.

Nazir bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzərə alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunub, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülüb, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də uşaq, yeniyetmə və gənclərin azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır”, - deyən Rəhman Məmmədov qeyd edib ki, muxtar respublika məktəblərində yaradılan şərait şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açıb. Tədris ili ərzində şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi istiqamətində davamlı tədbirlər keçirilir. Tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin kütləvi olaraq mütaliəyə cəlb edilməsi baxımından 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı”nın keçirilməsi ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq aprel ayı ərzində müxtəlif tədbirlər - kitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, konfrans, dəyirmi masa və digər tədbirlər keçirilib.

Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi bu tədris ilində də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlər istedadlı şagirdlərin üzə çıxarılmasında, biliklərinin artırılmasında mühüm rol oynamaqla yanaşı, onlarda mütaliəyə marağın yaradılmasına, vətənpərvər, dünyagörüşlü formalaşmasına öz töhfəsini verib.

Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, “Mütaliə aylığı” çərçivəsində təşkil edilən müsabiqələrin qaliblərini təbrik edib.

Bədii hissə ilə davam edən tədbirdə elm, təhsil, məktəb, şagird və mütaliə haqqında dəyərli fikirlər səsləndirilib, Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən səhnələşdirilən Hüseyn Cavidin “Qız məktəbində” əsərindən parçaya baxılıb, şagirdlər tərəfindən Vətən, müəllim və kitab haqqında şeirlər, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən parça qiraət olunub.

“Mütaliə aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinə diplom və kitablar verilib. Tədbirin sonunda “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərdən ibarət videoçarxa baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.