REGİONLAR


Mütəxəssis: Fermerlər torpağa gübrələrin verilməsini kortəbii şəkildə aparmamalıdırlar

Şəki, 9 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) tabeliyində fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma mərkəzləri bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında və məhsuldarlığın artmasında mühüm rola malikdir. Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli qərarına əsasən, AXA-nın tabeliyində ölkənin inzibati ərazi bölgüsü üzrə yaradılan regional mərkəzlər aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır və kənd təsərrüfatının davamlı inkişafına öz töhfəsini verir. Belə regional mərkəzlərdən biri də Şəki rayonunda fəaliyyət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzində olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.

Regional Mərkəzin direktoru Tariyel Rəcəbov bildirib ki, mərkəz Şəki-Zaqatala bölgəsində 230 min hektardan çox əkinəyararlı torpaq sahələrinə xidmət göstərir. Ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş mərkəzdə torpaq, su, bitki, gübrə, toxum analizləri aparılır. Bundan əlavə, mərkəzdə fəaliyyət göstərən Baytarlığın Mikrobioloji və Molekulyar Diaqnostika Şöbəsində kal və qan nümunələrinin analizləri də həyata keçirilir. Analizlərin aparılmasında müasir innovativ metodlar tətbiq olunur.

Qurum rəsmisinin sözlərinə görə, torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək və ondan səmərəli istifadə etmək üçün əlavə imkan yaradır. Fermerlər mərkəzin imkanlarından istifadə etməklə əkinlərə gübrələrin balanslaşdırılmış şəkildə verilməsini təmin edə bilirlər. Bu da, öz növbəsində, məhsulun maya dəyərinin azalmasına, keyfiyyətinin yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olur. Torpaqların analizi məhsuldar torpaqların münbitliyinin qorunub saxlanılmasını, eyni zamanda, mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edir, ətraf mühitin gübrələrlə çirklənməsinin qarşısını alır.

Tariyel Rəcəbov bildirib ki, fermerlər torpaqlarını analiz etdirdikdən sonra dəqiq gübrələmə strategiyası əldə edirlər. Analizin nəticəsi olaraq, onlar torpağa yalnız lazım olan qida elementlərini verir, eyni zamanda, əlavə xərclərdən azad olurlar. Qurum rəsmisi deyib: “Torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri də nümunələrin düzgün götürülməsidir. Bu proses xüsusi diqqət tələb edir. Nümunə götürüləcək yerin düzgün seçilməsi, nümunələrin götürülmə forması, qablaşdırılması, eyni zamanda, nümunə haqqında məlumat aydın və tam yazılmalıdır. Nümunələrin koordinatları dəqiq qeyd edilməlidir”.

Mərkəzə edilən müraciətlərin sayı ildən-ilə artır. Fermerlər əkib-becərdikləri torpaqları analiz etdirdikdən sonra düzgün gübrələmə strategiyası qurur və qısa müddətdə faydasını görürlər. Son nəticədə məhsuldarlıq yüksəlir. Belə olan halda digər fermerlərin də torpaq analizlərinə marağı artır. Əgər 2019-cu ildə Şəki Regional Mərkəzi tərəfindən 80 fermerdən 726 torpaq nümunəsi götürülmüşdüsə, 2022-ci ildə müraciət edən fermerlərin sayı artaraq 830-a çatıb. Müqavilə bağlandıqdan sonra onların mülkiyyətində və icarəsində olan 19 min 108 hektar torpaq sahəsinə görə 4150 torpaq nümunəsi götürülüb. O cümlədən, ötən il mərkəzə Şəki rayonu üzrə 2420, Oğuz üzrə 277, Qəbələ üzrə 513, Balakən üzrə 30, Zaqatala üzrə 260, Qax rayonu üzrə isə 650 torpaq nümunəsi daxil olub.

Qurum rəsmisi bildirib ki, 2023-cü ilin yanvar ayı ərzində mərkəzə torpaq analizləri üçün artıq 99 fermer müraciət edib və onlardan 646 torpaq nümunəsi götürülüb. Müraciət edən fermerlərin əksəriyyəti taxılçılıq sahəsi üzrə fəaliyyət göstərirlər. Son vaxtlar meyvə bağlarının sahibləri tərəfindən də müraciətlər olur.

Sonda Tariyel Rəcəbov fermerlərə müraciət edərək deyib: “Fermerlər torpağa gübrələrin verilməsini kortəbii şəkildə aparmamalıdırlar. Bu, yaxşı nəticə vermir. Torpağın pH-ı, yəni qaynağının və ya turşuluğunun ölçüsü bilinmədən gübrələmə strategiyasını düzgün həyata keçirmək mümkün deyildir. Əgər pH yuxarıdırsa, deməli torpaq qələvidir. PH aşağıdırsa, torpaq turşdur. Buna uyğun gübrə seçilməlidir. Gübrənin hansı formada torpağa verilməsi də başlıca şərtlərdən biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.