ELM VƏ TƏHSİL
Mütəxəssislər: Radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədir
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri ölkənin müxtəlif regionlarında radon qazının təhlükəsi və onunla mübarizə yollarına dair maarifləndirici görüşlər keçirib.
GGİ-dən AZƏRTAC-a bildirilib ki, görüşlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Şamaxı, İsmayıllı, Masallı və Lerik rayonlarındakı qurumlarında, həmçinin AMEA-nın Lənkəran Bölməsində təşkil olunub. Tədbirlərdə GGİ-nin çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkbər Feyzullayev və geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyev məruzələrlə çıxış ediblər.
Mütəxəssislər bildirib ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. GGİ ölkə ərazisində radonun paylanmasının tədqiqinə xarici ölkələrin alimləri ilə birgə 2010-cu ildə başlayıb. İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılmış tədqiqatlar nəticəsində “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub. Radon qazının əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış məntəqələrində normadan artıq olduğu müəyyən edilib. Tədqiqatların hazırda davam etdirilməsi, bu təbii qazla mübarizə yollarının ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gəlir.
Görüşlər zamanı “Radon və insan sağlamlığı” elmi-kütləvi broşürü təqdim olunub. Broşür təbii radiasiya, onun mənbələri və radon qazının insan sağlamlığına yaratdığı təhlükələrdən bəhs edir. Bunlardan əlavə, yeni nəşrdə sözügedən təhlükələrin azaldılması və insanların ondan qorunması yolları, həmçinin bu istiqamətdə zəruri əhəmiyyət daşıyan normativ aktlar haqqında da ətraflı məlumat verilir. Kitabça tikinti işləri aparan şirkətlər və fərdi şəxslər, radiasiya təhlükəsizliyi ilə maraqlananlar, xüsusən də radonun yüksək səviyyədə olduğu ərazilərdə yaşayanlar üçün faydalı ola bilər. Azərbaycan dilində elmi-publisistik üslubda və illüstrasiyalarla hazırlanmış broşür “Nafta-Press” nəşriyyatında işıq üzü görüb və 40 səhifədən ibarətdir.